Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət edərək süni intellektdən və digər müasir texnologiyalardan terrorçuluq məqsədilə istifadənin yaratdığı təhlükələrə diqqət çəkib. Dövlət başçısı bu cür təhdidlərə qarşı mübarizədə ölkələr arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
MSNews.az xəbər verir ki, sentyabrın 22-də yayılan müraciət “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusunda keçirilən foruma ünvanlanıb. Prezident bildirib ki, geosiyasi rəqabət, davam edən münaqişələr və etimad böhranı qlobal təhlükəsizlik mühitinə təsir göstərir.
İlham Əliyevin sözlərinə görə, terrorçuluq, ekstremizm, transmilli cinayətkarlıq, qanunsuz silah və narkotik dövriyyəsi, eləcə də kibercinayətkarlıq kimi təhdidlər daha mürəkkəb xarakter alır. O, rəqəmsal imkanlardan, o cümlədən süni intellektdən bədniyyətli istifadənin radikal ideyaların yayılmasını və terrorçu şəbəkələrin fəaliyyətini asanlaşdıra biləcəyini qeyd edib.
Dövlət başçısı təhlükəsizliyin təmin olunmasının yalnız ayrı-ayrı ölkələrin səyləri ilə məhdudlaşmamalı olduğunu bildirib. O, dövlətlər arasında etimadın, məlumat mübadiləsinin və xüsusi xidmət orqanlarının birgə fəaliyyətinin gücləndirilməsinə çağırıb. Prezident forumdakı müzakirələrin yeni əməkdaşlıq mexanizmlərinin müəyyənləşdirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.