İtaliyanın müdafiə naziri Quido Krozetto “TikTok”da yayımlanan məzmunun Qərbdəki uşaqlara təsirindən narahatlığını ifadə edib. O, Çində və Qərb ölkələrində istifadəçilərə təqdim olunan qısa videolar arasında ciddi fərqlər olduğunu iddia edərək sosial platformaların insanların düşüncə və davranışlarına təsirini “koqnitiv müharibə” kontekstində qiymətləndirib.
MSNews.az xəbər verir ki, Krozetto sentyabrın 17-də İtaliyanın La Spetsiya şəhərində keçirilən forumda çıxışı zamanı “TikTok”un Çində istifadə olunmamasına diqqət çəkib. Nazir bunun səbəbinin və Çin istifadəçilərinə göstərilən videoların Qərbdə yayılan məzmundan niyə fərqləndiyinin araşdırılmalı olduğunu bildirib.
Krozettonun sözlərinə görə, Qərbdə uşaqların qarşısına daha çox əyləncə xarakterli videolar çıxdığı halda, Çində gənclərə təhsil, idman, nizam-intizam və ailəyə kömək kimi mövzular təqdim olunur. Nazir 13 yaşlı qızının “TikTok”dan istifadəsini mümkün qədər məhdudlaşdırmağa çalışdığını da deyib.
Bununla belə, Çində istifadə olunan “Douyin” beynəlxalq “TikTok”un sadəcə fərqli məzmun göstərən versiyası deyil, ayrıca tətbiqdir. Hər iki platforma “ByteDance” şirkəti ilə əlaqəli olsa da, ayrı istifadəçi mühitlərində fəaliyyət göstərir və fərqli qaydalara tabedir. “Douyin”də də əyləncə videoları mövcuddur; azyaşlı istifadəçilər üçün nəzərdə tutulan rejimdə isə məzmun və istifadə müddəti ilə bağlı əlavə məhdudiyyətlər tətbiq olunur.
Krozettonun açıqlaması platformaların uşaqlara təqdim etdiyi məzmunla bağlı onun qiymətləndirməsini əks etdirir. Çinin “TikTok” vasitəsilə Qərbdəki uşaqlara qəsdən mənfi təsir göstərdiyi bu açıqlama ilə sübuta yetirilmir.