Bakı metrosunda sentyabrın 14-də səhər saatlarında qatarların hərəkətində gecikmə yaranıb. “İçərişəhər” stansiyasının giriş sahəsində qatarda baş verən texniki nasazlıq səbəbindən Qırmızı xətt üzrə hərəkət intervalı pozulub.
MSNews.az xəbər verir ki, sərnişinlərin bildirdiyinə görə, bəzi istiqamətlərdə qatarların hərəkəti 15 dəqiqədən çox dayanıb, ayrı-ayrı stansiyalarda isə sıxlıq yaranıb. “Qara Qarayev” stansiyasına girişin müvəqqəti məhdudlaşdırıldığı və bəzi qatarlardan sərnişinlərin düşürüldüyü barədə də məlumatlar yayılıb.
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, nasazlıq “İçərişəhər” stansiyasının giriş sahəsində qeydə alınıb. Texniki problem yaranmış qatarın xətdən çıxarılması üçün köməkçi qatar cəlb edilib.
Bir müddət sonra nasaz qatarın xətdən çıxarıldığı və Qırmızı xətt üzrə hərəkət intervalının bərpa olunduğu açıqlanıb. Qurum həmin müddətdə Yaşıl və Bənövşəyi xətlərdə qatarların qrafikə uyğun hərəkət etdiyini bildirib.
Metropoliten yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyib.