Qrenlandiya Avropa İttifaqı ilə siyasi və iqtisadi əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirməsinə baxmayaraq, birliyə üzv olmaq niyyətində deyil. Baş nazir Yens-Frederik Nilsen bildirib ki, Aİ ilə tərəfdaşlıq daha strateji və güclü olmalıdır, lakin üzvlük “gündəlikdə deyil”.
MSNews.az xəbər verir ki, Nilsen bu mövqeyi Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Qrenlandiyaya səfərindən sonra açıqlayıb. Yerli “Sermersoq/Sermitsiak” nəşrinin “Ritzau”ya istinadən yaydığı məlumata görə, Qrenlandiya 1985-ci ildə o zamankı Avropa İqtisadi Birliyindən çıxmaq barədə qəbul etdiyi qərarı dəyişmək niyyətində deyil.
“Qrenlandiyanın mövqeyi əvvəlki kimidir. Aİ ilə tərəfdaşlığımız var və biz bunu inkişaf etdirərək daha strateji və güclü etmək istəyirik. Amma üzvlük masada deyil”, – Nilsen bildirib.
Sentyabrın 7-də Qrenlandiya, Danimarka və Avropa İttifaqı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan yeni birgə bəyannamə imzalayıblar. Avropa Komissiyasının məlumatına görə, Brüssel 2026–2027-ci illərdə Qrenlandiyaya 200 milyon avroluq investisiya paketi ayıracaq. Vəsait rəqəmsal və peyk rabitəsi, davamlı enerji, kritik xammal, balıqçılıq, təhsil, mənzil və kiçik biznes kimi sahələrə yönəldiləcək.
Nilsen bu əməkdaşlığın Qrenlandiya iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm olduğunu vurğulayıb. Onun sözlərinə görə, ada balıqçılıq sektorundan yüksək asılılığı azaltmaq və gələcəkdə daha güclü iqtisadi baza formalaşdırmaq istəyir.
Danimarkanın Baş naziri Mette Frederiksen də Qrenlandiyanın Aİ-yə üzv olub-olmaması barədə qərara Kopenhagenin müdaxilə etməyəcəyini bildirib. Bununla yanaşı, o, Qrenlandiyanın uzun müddətdir Aİ ilə daha sıx münasibətlər istədiyini və Brüsselin də Arktikada əlaqələrini gücləndirməkdə ciddi marağının olduğunu vurğulayıb.
Qeyd edək ki, Qrenlandiya Danimarka Krallığının geniş muxtariyyətə malik ərazisidir. Danimarka Aİ üzvü olsa da, Qrenlandiya 1985-ci ildə keçirilmiş referendumdan sonra Avropa İqtisadi Birliyindən çıxıb və hazırda İttifaqın tərkibində deyil. Buna baxmayaraq, tərəflər balıqçılıq, təhsil və inkişaf proqramları üzrə uzunmüddətli əməkdaşlıq edir.