Misirin tanınmış televiziya aparıcısı və prodüseri Sara Xəlifə sintetik narkotiklərin istehsalı və qanunsuz dövriyyəsi ilə bağlı genişmiqyaslı cinayət işi üzrə asılmaqla edam cəzasına məhkum edilib.
MSNews.az xəbər verir ki, Qahirə Cinayət Məhkəməsi 39 yaşlı Xəlifə və daha 11 nəfər barəsində edam hökmü çıxarıb. İş üzrə daha 9 nəfər ömürlük həbs cəzası alıb, 7 nəfərə isə bəraət verilib. Ümumilikdə məhkəmə qarşısına 28 təqsirləndirilən şəxs çıxarılıb.
Bu barədə “Al Jazeera” və “Əl-Əhram” məlumat yayıb.
Məhkəmə Xəlifə və digər şəxsləri narkotik maddələrin hazırlanmasında istifadə olunan xammalın xaricdən gətirilməsi, sintetik narkotiklərin istehsalı və satışı məqsədilə mütəşəkkil cinayətkar qrup yaratmaqda təqsirli bilib. Bəzi məhkumlar qanunsuz silah və sursat saxlamaqda da təqsirli biliniblər. İstintaq zamanı 750 kiloqramdan çox narkotik və xammalın, eləcə də narkotik laboratoriyası kimi istifadə edildiyi bildirilən iki mənzilin aşkarlandığı qeyd olunur.

Sara Xəlifə Misirin özəl “Al-Mehwar” kanalında təhlükəsizlik və kriminal mövzulara həsr olunan “Mission Impossible” (“Mümkünsüz missiya”) proqramının aparıcısı kimi tanınıb. O, həmçinin tədbirlərin təşkili sahəsində fəaliyyət göstərən şirkətə rəhbərlik edib.
Edam hökmü çıxarılmazdan əvvəl iş Misirin Ali Müftisinə göndərilib. Misir qanunvericiliyinə əsasən, ölüm hökmü nəzərdə tutulan işlərdə bu prosedur məcburidir. Lakin müftinin rəyi məsləhət xarakteri daşıyır və məhkəmə üçün hüquqi baxımdan məcburi deyil.
Xəlifə məhkəmə prosesində ona qarşı irəli sürülən ittihamları rədd edib. Onun vəkili Məhəmməd əl-Cundi hökmün yuxarı instansiyada mübahisələndiriləcəyini açıqlayıb. Bu səbəbdən sentyabrın 5-də çıxarılan hökm hələ yekun və dəyişdirilə bilməyən qərar deyil. “Euronews” apellyasiya prosesinin davam edəcəyini bildirir.