“Yay Fest 2026”-nın “Kreativ AI” düşərgəsi uğurla başa çatıb

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə keçirilən Yay Fest 2026-nın “Kreativ AI” düşərgəsi başa çatıb. Beş gün davam edən proqram çərçivəsində gənclər süni intellekt, media, dizayn və yaradıcılıq mövzularında təlim və panel müzakirələrində iştirak ediblər.

47

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə təşkil olunan “Yay Fest 2026” çərçivəsində keçirilən “Kreativ AI” düşərgəsi uğurla başa çatıb.

MSNews.az xəbər verir ki, iyulun 27–31-ni əhatə edən düşərgənin əsas məqsədi gənclərin süni intellektdən yaradıcı alət kimi istifadə bacarıqlarını inkişaf etdirmək, kreativ düşüncələrini gücləndirmək və AI texnologiyalarının incəsənət, media, dizayn, kontent istehsalı və rəqəmsal yaradıcılıq sahələrində tətbiqini təşviq etmək olub.

Proqram çərçivəsində iştirakçılar əvvəlcə Şamaxıda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər. Daha sonra festival ərazisində onlar üçün hazırlanmış proqram təqdim olunub.

Düşərgənin ilk günündə Azərbaycan Respublikasının Xalq artisti Natiq Şirinov və “Natiq” Ritm Qrupu gənclərlə görüş keçirərək ritm sənəti, musiqinin insan həyatındakı rolu barədə fikirlərini bölüşüb, müxtəlif musiqi kompozisiyaları ilə çıxış ediblər.

Beş gün davam edən düşərgə ərzində iştirakçılar ölkənin tanınmış əməkdar incəsənət xadimləri, aktyorları, jurnalistləri, aparıcıları və süni intellekt mütəxəssislərinin iştirakı ilə təşkil olunan “Obrazlılıqdan süni intellektə”, “Ekranın gələcəyi: Jurnalistika, media və texnologiya”“Süni intellekt yaradıcılığı əvəz edir, yoxsa gücləndirir?” mövzularında panel müzakirələrinə qatılıblar.

Bununla yanaşı, gənclər müxtəlif master-klasslarda iştirak edib, “AI Vision”“Cosplay Show” müsabiqələrində yaradıcılıqlarını nümayiş etdiriblər. Festival proqramına həmçinin “Da Vinçi”, “Meloman”“Kinoman” intellektual yarışları, futbol, voleybol və stolüstü tennis turnirləri də daxil edilib.

Konsert proqramında “AynaBand” qrupu, Eddie Bueno və Fərid Mərdin çıxış edərək iştirakçılara musiqili axşam bəxş ediblər. Gənclər tonqal ətrafında keçirilən görüşlərdə də bir araya gələrək ünsiyyət qurublar.

Təşkilatçıların bildirdiyinə görə, Yay Fest-in üçüncü düşərgəsi iştirakçılar üçün yeni dostluqlar, praktiki biliklər və unudulmaz təəssüratlarla yadda qalıb.

İştirakçı sayına və müddətinə görə ölkənin ən böyük gənclər festivalı hesab olunan Yay Fest 2026 sentyabr ayınadək “Müasir Şəhərlər və Texnologiya”, “Elm, Etika və Gələcək”, “Mühəndislik və Kod”, “Startap və Sahibkarlıq”“AI – İdman və Sağlamlıq” mövzularında keçiriləcək növbəti düşərgələrlə davam edəcək.

Festival Azərbaycan Gənclər Fondunun dəstəyi, İDEA İctimai Birliyinin tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Qeyd edək ki, növbəti düşərgələrdə iştirak etmək istəyən 18–25 yaş arası ictimai fəallığı ilə seçilən gənclər yayfest.az saytı vasitəsilə qeydiyyatdan keçərək müsahibələrə qatıla bilərlər. Hər bir iştirakçı yalnız bir düşərgədə iştirak etmək hüququna malikdir.

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.