İyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə təltifolunma mərasimi keçirilib.
MSNews.az xəbər verir ki, mərasimdə çıxış edən Qırğızıstan Prezidenti Sadır Japarov İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın iqtisadi inkişaf, dövlət quruculuğu və beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artdığını bildirib.
Sadır Japarov qeyd edib ki, İlham Əliyevin təşəbbüsləri sayəsində Azərbaycan və Qırğızıstan arasında münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. Onun sözlərinə görə, Prezident İlham Əliyev Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əməkdaşlığın genişlənməsinə və regionda sülhün, sabitliyin möhkəmlənməsinə mühüm töhfə verir.
Bununla əlaqədar Qırğızıstan Prezidenti İlham Əliyevin iki ölkə arasında dostluq və strateji tərəfdaşlığın inkişafındakı xidmətlərinə görə Qırğız Respublikasının I dərəcəli “Manas” ordeni ilə təltif edilməsi barədə fərmanı elan edib və ali dövlət mükafatını Azərbaycan Prezidentinə təqdim edib. Məlumat Azərbaycan Prezidentinin rəsmi saytında dərc olunub.
Təltifdən sonra çıxış edən Prezident İlham Əliyev yüksək mükafata görə təşəkkürünü bildirərək bunu Azərbaycan–Qırğızıstan qardaşlığının və qarşılıqlı etimadın qiymətləndirilməsi kimi qəbul etdiyini vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, son illər ərzində iki ölkə arasında münasibətlər ən yüksək səviyyəyə – müttəfiqlik mərhələsinə yüksəlib və bu, həm ölkələr, həm də xalqlar üçün mühüm nailiyyətdir.
Mərasim zamanı daha sonra Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycan ilə Qırğızıstan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Azərbaycanın ali dövlət mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif olunması haqqında Azərbaycan Prezidentinin sərəncamı elan edilib.
Prezident İlham Əliyev çıxışında Sadır Japarovun rəhbərliyi dövründə Qırğızıstanda həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatları, infrastruktur layihələrini və ölkənin beynəlxalq nüfuzunun artmasını yüksək qiymətləndirib.
Azərbaycan Prezidenti vurğulayıb ki, Qırğızıstanın inkişafı, xüsusilə İssık-Kul bölgəsində həyata keçirilən layihələr və ölkədə müşahidə olunan iqtisadi dinamika Sadır Japarovun rəhbərliyi ilə əldə olunan mühüm nəticələrdir.
Daha sonra Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Sadır Japarova təqdim edib.
Qırğızıstan Prezidenti mükafatı qəbul edərək göstərilən yüksək etimada görə təşəkkürünü bildirib və bu ordeni iki qardaş xalq arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin rəmzi kimi qiymətləndirib.
Azərbaycan Prezidentinin rəsmi saytının məlumatına görə, qarşılıqlı ali dövlət mükafatlarının təqdim olunması iki ölkə arasında dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin yüksək səviyyəsinin növbəti təzahürü olub. (president.az)










