İlham Əliyev və Sadır Japarov Dövlətlərarası Şuranın iclasında iştirak ediblər

Çolpon-Atada Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının III iclası keçirilib. Prezidentlər strateji tərəfdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıblar.

16

İyulun 31-də Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan–Qırğızıstan Dövlətlərarası Şurasının III iclası keçirilib.

MSNews.az xəbər verir ki, iclasda çıxış edən Qırğızıstan Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi və Azərbaycan nümayəndə heyətini salamlayaraq, dövlət səfərinin iki ölkə arasında münasibətlərin xüsusi xarakterini bir daha təsdiqlədiyini bildirib.

Sadır Japarov qeyd edib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkə uğurla inkişaf edir, beynəlxalq mövqelərini gücləndirir və regionda sülhün, sabitliyin təmin olunmasına mühüm töhfə verir. Onun sözlərinə görə, Qırğızıstanla Azərbaycan arasında strateji tərəfdaşlığın inkişafına mane ola biləcək heç bir həll olunmamış məsələ yoxdur.

Qırğızıstan Prezidenti nəqliyyat, energetika, investisiya, təhlükəsizlik, təhsil və digər sahələrdə əməkdaşlığın geniş potensiala malik olduğunu vurğulayaraq bildirib ki, iclasın əsas siyasi nəticəsi Azərbaycan və Qırğızıstan arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması olacaq.

Çıxış edən Prezident İlham Əliyev isə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, Sadır Japarovun rəhbərliyi ilə Qırğızıstanda həyata keçirilən sosial-iqtisadi islahatları və ölkənin inkişafını yüksək qiymətləndirib.

Dövlət başçısı Azərbaycanın Qarabağın bərpasına göstərdiyi dəstəyə görə Qırğızıstana minnətdarlığını ifadə edib. İlham Əliyev Ağdam rayonunda Qırğızıstanın dəstəyi ilə tikilmiş və Manasın adını daşıyan məktəbin iki qardaş xalqın dostluğunun rəmzi olduğunu bildirib.

Prezident İlham Əliyev humanitar sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini, Qırğızıstan Mədəniyyəti Günlərinin Azərbaycanda, Azərbaycan Mədəniyyəti Günlərinin isə Qırğızıstanda keçirilməsinin xalqlar arasında əlaqələri daha da möhkəmləndirdiyini vurğulayıb.

Dövlət başçısı Azərbaycan–Qırğızıstan İnkişaf Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, fondun kapitalının artırılması barədə qərar qəbul edildiyini və yeni layihələrin həyata keçiriləcəyini bildirib.

İlham Əliyev, həmçinin Azərbaycanın İssık-Kul bölgəsində turizm infrastrukturunun inkişafına dəstəyini qeyd edib. Onun sözlərinə görə, həmin gün Çolpon-Atada beşulduzlu “Bakı” hotelinin açılışı da həyata keçiriləcək.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldilməsi iki ölkə arasında əməkdaşlığın ən yüksək mərhələsini ifadə edir və qarşılıqlı etimadın göstəricisidir.

Azərbaycan Prezidentinin rəsmi saytının məlumatına görə, Dövlətlərarası Şuranın III iclasında ikitərəfli siyasi, iqtisadi, nəqliyyat, energetika, investisiya və humanitar əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub.

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.