ABŞ ilə İran arasında yenidən artan hərbi gərginlik dünya neft bazarında qiymətlərin kəskin yüksəlməsinə səbəb olub.
MSNews.az xəbər verir ki, Brent markalı neftin qiyməti çərşənbə günü keçirilən ticarət zamanı təxminən 5 faiz bahalaşaraq bir barel üçün 88,23 dollara çatıb.
Qiymət artımına ABŞ və Səudiyyə Ərəbistanının İraqda İranın dəstəklədiyi silahlı qruplaşmalara endirdiyi zərbələr, həmçinin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İran tərəfindən ABŞ qüvvələrinə yönəlmiş raket hücumunun qarşısının alındığını açıqlaması təsir göstərib. Analitiklərin fikrincə, bu hadisələr Yaxın Şərqdə enerji təchizatının təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən artırıb.
Qiymətlərin yüksəlməsinə ABŞ-da xam neft ehtiyatlarının gözləniləndən daha çox azalması da əlavə dəstək verib. Bu, bazarda təklifin daralacağı ilə bağlı gözləntiləri gücləndirib.
Enerji bazarı iştirakçıları hesab edirlər ki, Yaxın Şərqdə gərginliyin daha da dərinləşməsi halında Hörmüz boğazı və digər strateji marşrutlar vasitəsilə neft tədarükünə risklərin artması qiymətlər üzərində əlavə təzyiq yarada bilər. Bununla yanaşı, geosiyasi vəziyyətin sabitləşəcəyi təqdirdə bazarda qiymətlərin yenidən dəyişməsi də istisna edilmir.