Rusiyada gəmilərsiz Hərbi Dəniz Qüvvələri Günü

Rusiyanın Sankt-Peterburqda keçirdiyi əsas hərbi dəniz paradı ardıcıl ikinci il təşkil olunmayıb. Vladimir Putin Baş Admirallıqda donanma komandanlarının hesabatlarını dinləyib və hərbçilərə mükafatlar təqdim edib.

19

Rusiyada Hərbi Dəniz Donanması Günü Sankt-Peterburqdakı ənənəvi böyük parad və döyüş gəmilərinin nümayişi olmadan keçirilib.

MSNews.az xəbər verir ki, əsas hərbi dəniz paradı ardıcıl ikinci il təşkil olunmayıb. Əvvəlki illərdə Neva çayı və Kronştadt ərazisində onlarla döyüş gəmisi, sualtı qayıq və minlərlə hərbçinin iştirakı ilə keçirilən tədbirin yerini bu dəfə Baş Admirallıqdakı məhdud mərasim tutub. “Business Insider” mərasim zamanı real gəmilər əvəzinə döyüş gəmələri və “Aleksandr Nevski” nüvə sualtı qayığını əks etdirən iri plakatların nümayiş etdirildiyini yazıb.

Prezident Vladimir Putin iyulun 26-da Baş Admirallığa gələrək Rusiya Hərbi Dəniz Donanmasının baş komandanı Aleksandr Moiseyevlə görüşüb. Onu müdafiə naziri Andrey Belousov və Dəniz Kollegiyasının sədri Nikolay Patruşev qarşılayıblar. Putin daha sonra Sakit okean, Şimal, Baltik və Qara dəniz donanmaları, həmçinin Xəzər flotiliyasının komandanlarının videobağlantı vasitəsilə təqdim etdikləri hesabatları dinləyib.

Bu barədə “İnterfaks” məlumat yayıb.

Putin çıxışında donanmanın Rusiyanın təhlükəsizliyinin əsas elementlərindən biri olduğunu bildirib və nüvə triadasının dəniz komponentinin inkişaf etdirilməsinin qlobal strateji tarazlığın qorunması baxımından əhəmiyyət daşıdığını söyləyib. O, Rusiya hərbi gəmilərinin Ukraynadakı müharibə zamanı yüksək dəqiqlikli silahlarla “sarsıdıcı zərbələr” endirdiyini iddia edib. Bu ifadələr Rusiya Prezidentinin müharibə ilə bağlı mövqeyini əks etdirir.

Baş Admirallıqda keçirilən mərasim zamanı Putin bir sıra donanma hərbçilərinə dövlət mükafatları təqdim edib. Təltif olunanlar arasında Ukraynadakı döyüşlərdə iştirak etmiş dəniz piyadaları və digər hərbçilərlə yanaşı, sualtı qayıqlarda və donanmanın müxtəlif birləşmələrində xidmət edən zabitlər də olub.

Sankt-Peterburqdakı əsas hərbi dəniz paradı 2025-ci ildə də keçirilməmişdi. Kremlin sözçüsü Dmitri Peskov həmin vaxt qərarı ümumi təhlükəsizlik vəziyyəti ilə izah etmişdi. 2026-cı ildə paradın keçirilməyəcəyi barədə məlumat hələ iyun ayında yayılmışdı. “The Moscow Times” tədbirin ikinci il ardıcıl ləğv edildiyini bildirmişdi.

Rusiya rəhbərliyi builki qərarın səbəbləri barədə ayrıca ətraflı açıqlama verməyib. Beynəlxalq media bunu Ukraynanın Rusiya ərazisindəki hərbi və sənaye obyektlərinə uzaqmənzilli PUA hücumlarının artması ilə əlaqələndirir.