Kiyev Tokayevin müharibəni dayandırmaq çağırışını dəstəklədi

Ukrayna XİN-in rəhbəri Andriy Sıbiha Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Rusiya–Ukrayna müharibəsinin “dondurulması” və diplomatiyaya qayıdılması çağırışını müsbət qiymətləndirib.

13

Ukrayna Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Rusiya Prezidenti Vladimir Putinə müharibəni dayandırmaq və danışıqlara qayıtmaq barədə çağırışını müsbət qiymətləndirib.

MSNews.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andriy Sıbiha Tokayevin bəyanatını “realist, vaxtında verilmiş və müdrik çağırış” adlandırıb.

Bu barədə “Ukrainska Pravda” Sıbihanın sosial şəbəkə paylaşımına istinadən məlumat yayıb.

Sıbiha bildirib ki, Ukrayna hərbi əməliyyatların mövcud təmas xəttində dayandırılmasını və münaqişənin diplomatik müstəviyə keçirilməsini təklif edib. Onun sözlərinə görə, Kreml sülhə aparan bu yolu qəbul etməkdən imtina edir.

“Kreml sözçüsü Qazaxıstan prezidentinin təklifini artıq rədd edib. Moskva real sülh təkliflərini qəbul etməzdən əvvəl daha güclü təzyiq hiss etməlidir”, – Ukrayna XİN-in rəhbəri vurğulayıb.

“UNN” Sıbihanın açıqlamasında Rusiyaya beynəlxalq təzyiqin artırılmasına çağırış edildiyini yazıb.

Tokayev müharibənin “dondurulması” təklifini iyulun 25-də Rusiyanın Omsk şəhərində keçirilən Rusiya–Qazaxıstan Regionlararası Əməkdaşlıq Forumunda, Putinin iştirakı ilə səsləndirib. Qazaxıstan Prezidenti tərəfləri “İstanbul 2.0 formulu” əsasında danışıqlara qayıtmağa və böyük dövlətlərin təhlükəsizlik təminatları ilə sülh istiqamətində irəliləməyə çağırıb.

“Reuters” bildirir ki, Tokayev müharibəyə son qoyulmasının vacibliyini vurğulayaraq münaqişənin daha çox insan itkisinə səbəb olmamalı olduğunu deyib. O, 2022-ci və 2025-ci illərdə İstanbulda keçirilmiş danışıqlara istinad etsə də, həmin görüşlər yekun sülh razılaşması ilə nəticələnməyib.

Kremlin sözçüsü Dmitri Peskov isə Tokayevin təklifini rədd edərək, Ukraynadakı müharibənin hazırkı vəziyyətdə “dondurulmasının mümkün olmadığını” bildirib. Peskov Rusiyanın əsas məqsədinin qarşıya qoyduğu hərbi-siyasi hədəflərə nail olmaq olduğunu deyib və döyüşlərin dayandırılması üçün Kiyevin Moskvanın şərtlərini qəbul etməli olduğunu iddia edib.

Rusiya daha əvvəl mümkün sülh razılaşması üçün Ukraynanın Moskvanın öz ərazisi elan etdiyi dörd bölgədən qoşunlarını çıxarmasını və NATO-ya üzvlük planından imtina etməsini tələb edib. Ukrayna isə bu şərtləri kapitulyasiya tələbi kimi qiymətləndirərək rədd edir.