ABŞ İrana zərbələri davam etdirib, Tehran Körfəzdəki bazaları hədəfə alıb

ABŞ İrana qarşı ardıcıl 13-cü gecə zərbələr həyata keçirib. İran isə Küveyt, Bəhreyn və İordaniyadakı ABŞ hərbi obyektlərinə hücum etdiyini açıqlayıb. Hədəflərə dəyən zərərin miqyası tam təsdiqlənməyib.

15

ABŞ ordusu İrana qarşı hava əməliyyatlarını ardıcıl 13-cü gecə davam etdirib. Tehran isə cavab olaraq Küveyt, Bəhreyn və İordaniyada yerləşən ABŞ hərbi infrastrukturlarını raket və pilotsuz uçuş aparatları ilə hədəfə aldığını bildirib.

MSNews.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı — CENTCOM son hücum dalğasında İranın komandanlıq və rabitə obyektləri, raket və PUA anbarları, sahil müşahidə məntəqələri, hava hücumundan müdafiə vasitələri və dəniz imkanlarının vurulduğunu açıqlayıb. CENTCOM iyulun 23-də İrana qarşı ardıcıl 13-cü gecə əməliyyatların başa çatdırıldığını bildirib.

İranın müxtəlif bölgələrində, o cümlədən Əhvaz, Xorrəmabad, Xorrəmşəhr, Bəndər-Abbas, Cask, Konarak və Qeşm adası ətrafında partlayışlar barədə məlumatlar yayılıb. Tehranda və paytaxtın ətrafında hava hücumundan müdafiə sistemlərinin işlədiyi də bildirilib.

Lakin sosial şəbəkələrdə yayılan zərbə xəritəsində göstərilən bütün şəhər və obyektlərin ABŞ tərəfindən eyni gecə vurulduğu müstəqil şəkildə təsdiqlənməyib. CENTCOM hədəflərin tam coğrafi siyahısını açıqlamadığı üçün bu məlumatlar ilkin hesabat kimi qiymətləndirilməlidir.

İran tərəfi Küveytdə ABŞ qüvvələrinin istifadə etdiyi HIMARS raket sistemləri, “Patriot” batareyaları, onların operator məntəqələri və qərargah obyektlərinin vurulduğunu iddia edib. Hücumdan sonra bazalardan birində yanğın başladığı barədə də məlumat yayılıb.

Küveyt son günlər İranın intensiv raket və PUA hücumlarına məruz qaldığını təsdiqləyib. Ölkə hakimiyyəti daha əvvəl enerji istehsalı və su duzsuzlaşdırma stansiyalarından birinin vurulduğunu, yanğın və elektrik istehsalında fasilələr yarandığını açıqlamışdı. Bununla belə, HIMARS sistemlərinin və operator heyətinin məhv edilməsi barədə son iddia ABŞ və Küveyt tərəfindən rəsmən təsdiqlənməyib.

Küveytdə güclü partlayışın onlarla kilometr məsafədən hiss edilməsi barədə yerli sakinlərin məlumatları yayılıb. Partlayışın konkret hansı obyektlə bağlı olduğu, itkilər və dağıntının miqyası barədə rəsmi məlumat hələ açıqlanmayıb.

İran həmçinin İordaniyadakı Müvəffəq Səlti hava bazasında yerləşən MIM-104 “Patriot” sistemlərini vurduğunu bildirib. Tehran daha əvvəl həmin bazaya hücumlar həyata keçirmiş, zərbələrdən birində ABŞ hərbçilərinin yerləşdiyi yaşayış modulları vurulmuşdu. Son hücumda “Patriot” tutucularının məhv edilməsi isə yalnız İran tərəfinin açıqlamasına əsaslanır.

Bəhreyndə isə İranın ABŞ ilə əlaqəli hərbi və texnoloji infrastrukturu hədəfə aldığı bildirilir. SEPAH daha əvvəl “Amazon Web Services” şirkətinin Bəhreyndəki məlumat mərkəzini qanadlı raketlərlə vurduğunu açıqlamışdı. Bəhreyn, ABŞ və “Amazon” həmin obyektin tam məhv edilməsi barədə İranın iddiasını təsdiqləməyib.

Paylaşımda İranın Bəhreyndə “Amazon”un ikinci məlumat mərkəzini də vurduğu qeyd olunur. Açıq mənbələrdə Bəhreyndə ABŞ texnoloji infrastrukturlarına zərbələr barədə məlumatlar olsa da, konkret olaraq “ikinci məlumat mərkəzi”nin həmin gecə vurulması barədə müstəqil və yekun təsdiq yoxdur.

İranın İraq–Küveyt sərhədində keçid məntəqəsini və bağlı sərhəd xəttini vurduğu barədə məlumatlar da yayılıb. Hadisənin İranın cavab əməliyyatının bir hissəsi olduğu iddia edilir, lakin İraq və Küveyt rəsmiləri zərbənin dəqiq yerini və nəticələrini hələ açıqlamayıblar.