Qvardiolanın İtaliya millisinə keçidi baş tutmaya bilər

Pep Qvardiolanın İtaliya millisinin baş məşqçisi olmaq təklifini qəbul etməyə yaxın olmadığı bildirilir. Əsas maneələr onun illik 20 milyon avroluq maaş tələbi və ailəsinə daha çox vaxt ayırmaq istəyidir.

13

Pep Qvardiolanın İtaliya millisinin baş məşqçisi olmaq təklifini qəbul etməyəcəyi ehtimal olunur.

MSNews.az xəbər verir ki, “La Gazzetta dello Sport” ispaniyalı mütəxəssisin illik təxminən 20 milyon avro maaş tələb etdiyini yazıb. İtaliya Futbol Federasiyasının isə bu məbləğin təxminən yarısını ödəməyə hazır olduğu bildirilir.

Maaş fərqi danışıqlardakı əsas maneələrdən biri hesab olunur. İtaliya tərəfinin Qvardiola üçün maliyyə baxımından müəyyən istisnalar etməyə hazır olduğu bildirilsə də, federasiyanın onun tələb etdiyi səviyyəyə çatması çətin görünür. Federasiya rəhbəri Covanni Malaqo daha əvvəl Qvardiola ilə danışıqlar aparıldığını təsdiqləmiş, lakin yekun qərarın verilmədiyini açıqlamışdı.

Digər mühüm amil Qvardiolanın yaxın müddətdə məşqçilikdən fasilə götürmək və ailəsinə daha çox vaxt ayırmaq istəməsidir. O, “Mançester Siti”dən ayrıldıqdan sonra dərhal yeni layihəyə başlamağa tələsmədiyini bildirib. Buna görə İtaliya millisinin təklifi idman baxımından cəlbedici olsa da, Qvardiolanın hazırkı şəxsi planlarına uyğun gəlməyə bilər.

İtaliya Futbol Federasiyasının nümayəndələri Paolo Maldini və Leonardo Qvardiola ilə Barselonada görüşərək ona milli komandanın və ölkə futbol sisteminin yenidən qurulmasını əhatə edən geniş layihə təqdim ediblər. Təklifə məşqçilər korpusunu sərbəst formalaşdırmaq və gənclərdən əsas milliyədək futbol fəlsəfəsinə təsir göstərmək imkanının daxil olduğu bildirilir.

Bununla belə, Qvardiolanın təklifi artıq qəti şəkildə rədd etdiyi barədə rəsmi açıqlama yoxdur. Hazırkı məlumatlara əsasən, onun qərarı “yox” cavabına daha yaxın görünür, lakin danışıqlar tam başa çatmayıb.

Qvardiola ilə razılıq əldə olunmasa, İtaliya millisinin baş məşqçisi vəzifəsinə Roberto Mançini, Antonio Konte və Andrea Pirlo kimi namizədlərin nəzərdən keçiriləcəyi bildirilir.