İranlı deputat ABŞ bazasını ələ keçirməyi təklif edib

İranın sabiq xarici işlər naziri Mənuçehr Möttəki ABŞ-nin İraq, Küveyt və ya Bəhreyndəki hərbi bazalarından birinin ələ keçirilməsini təklif edib. Açıqlama İran hökumətinin rəsmi qərarı kimi təqdim olunmayıb.

18

İranın sabiq xarici işlər naziri və hazırda parlament üzvü olan Mənuçehr Möttəki ABŞ-nin regiondakı hərbi bazalarından birinin quru əməliyyatı vasitəsilə ələ keçirilməsini təklif edib.

MSNews.az xəbər verir ki, Möttəki bu fikirləri İran dövlət televiziyasında yayımlanan çıxışı zamanı səsləndirib. “Iran International” onun İraq, Küveyt və ya Bəhreyndə yerləşən ABŞ bazalarından birinin hədəf seçilə biləcəyini dediyini bildirib.

Möttəkinin sözlərinə görə, ABŞ rəsmiləri quru əməliyyatı ehtimalından danışsalar da, İran regiondakı imkanlarından və Vaşinqtona qarşı çıxan qüvvələrdən istifadə edə bilər.

İranlı deputat İraq, Küveyt və Bəhreyndə belə əməliyyatın həyata keçirilməsinin mümkün olduğunu iddia edib. O, xüsusilə İraqda ABŞ bazalarına qarşı çıxan silahlı qüvvələrin prosesə qoşula biləcəyini söyləyib.

Möttəki bazalardan birinin ələ keçirilməsinin və oradakı 200 ABŞ hərbçisinin əsir götürülməsinin Vaşinqtonun müharibəni davam etdirmək imkanını zəiflədəcəyini iddia edib. Yayımlanan videoda 200 nəfərdən danışıldığı halda, bəzi ingilisdilli xəbərlərdə bu rəqəm 100 kimi göstərilib.