ABŞ Müdafiə Nazirliyinin İranın İordaniyadakı Amerika qüvvələrinə endirdiyi və onlarla hərbçinin yaralanması ilə nəticələnən bir neçə hücum barədə məlumatı ictimaiyyətə açıqlamadığı bildirilir.
MSNews.az xəbər verir ki, “The New York Times” ABŞ rəsmilərinə istinadən İranın İordaniyada iki amerikalı hərbçinin həlak olduğu hücumdan əvvəl ölkədəki ABŞ qüvvələrinə daha üç zərbə endirdiyini yazıb. Həmin hücumlar nəticəsində onlarla hərbçi yaralanıb, bir neçə helikopter isə zədələnib.
Mənbələrin sözlərinə görə, ABŞ Mərkəzi Komandanlığı əvvəlki hücumlar, onların vurduğu ziyan və yaralıların sayı barədə ayrıca məlumat yaymayıb. Komandanlığın İran ərazisinə endirilən cavab zərbələri ilə bağlı açıqlamalarında əsasən Hörmüz boğazındakı ticarət gəmilərinə hücumlar qeyd olunub, İordaniyadakı hadisələrdən isə danışılmayıb.
ABŞ rəsmiləri məlumatların açıqlanmamasını operativ təhlükəsizliklə əsaslandırıblar. Onların fikrincə, zərbələrin nəticələri və hərbi texnikanın yerləşdiyi ərazilər barədə təfərrüatların yayılması İranın növbəti raket və PUA hücumlarını daha dəqiq planlaşdırmasına kömək edə bilər. ABŞ Mərkəzi Komandanlığının döyüşdə yaralanan, xüsusilə qısa müddətdə xidmətə qayıdan hərbçilər barədə dərhal məlumat yaymaq öhdəliyinin olmadığı da bildirilib.
Pentaqon isə yaralanmaların qəsdən gizlədilməsi barədə iddianı rədd edib. Nazirliyin açıqlamasına görə, iyulun 7-dən sonra təxminən 100 amerikalı hərbçidə müxtəlif dərəcəli xəsarətlər müəyyən edilib və onların 96 faizi artıq xidmətə qayıdıb. Yaralanmaların böyük hissəsinin yüngül olduğu bildirilib.
İordaniyadakı ölümcül hücumun Müvəffəq əs-Səlti aviabazasındakı hərbçilərin yaşadığı bölmələrdən birinə dəydiyi bildirilir. ABŞ hava hücumundan müdafiə sistemləri raketlərin əksəriyyətini zərərsizləşdirsə də, onlardan biri müdafiəni keçərək yaşayış sahəsinə düşüb. Digər zərbələrdən birinin isə “Black Hawk” helikopterlərinin zədələnməsinə səbəb olduğu qeyd edilir.
ABŞ Mərkəzi Komandanlığı iyulun 17-də İordaniyada İranın raket və PUA hücumlarının qarşısı alınarkən iki amerikalı hərbçinin öldüyünü rəsmən təsdiqləyib.
İlkin məlumatlarda müharibə başlayandan bəri 16 amerikalı hərbçinin həlak olduğu göstərilsə də, sonrakı açıqlamalarla ölənlərin sayı 17-yə, yaralananların sayı isə 430-dan yuxarıya çatıb.