Son günlər Ermənistan sosial mediasında insanların küçələrdə bir-birini su ilə islatdığı “Vardavar” mərasiminə aid görüntülər geniş yayılıb. Erməni mənbələri bu mərasimi qədim erməni ilahəsi Astğiklə əlaqələndirir və onun həm bütpərəstlik, həm də xristianlıq dövründən qalan milli ənənə olduğunu bildirirlər.
Lakin Vardavarın əsas elementi olan insanların bir-birinin üzərinə su tökməsi qədim İran və Zərdüşt mədəniyyətində daha geniş dini-mifoloji sistemin tərkib hissəsi kimi qarşımıza çıxır. Bu ənənə Tirğan bayramı və “Abrizəgan” – su tökmə mərasimi ilə bağlıdır.
Zərdüşti təqvimində ayların hər günü ayrıca ad daşıyırdı. Ayın 13-cü günü yağış və sularla əlaqələndirilən Tiştriyanın adı ilə “Tir” günü adlanırdı. İlin dördüncü ayı da Tir ayı olduğundan, ayın və günün adlarının üst-üstə düşdüyü tarix Tirğan bayramı kimi qeyd edilirdi. Qədim İran təqvimi üzrə araşdırmalarda su səpmə mərasiminin məhz Tir ayının 13-cü günü keçirilən Tirğanla əlaqəli olduğu göstərilir.
“Avesta”nın Tiştriyaya həsr olunmuş səkkizinci Yaştında yağış gətirən Tiştriya ilə quraqlığı təmsil edən Apaoşa arasındakı mübarizədən bəhs olunur. Mətndə Tiştriyanın Apaoşa üzərində qələbəsindən sonra suların axdığı, buludların hərəkətə gəldiyi və torpaqlara yağış yağdığı təsvir edilir. Buna görə Tiştriya yağış, məhsuldarlıq və quraqlığın aradan qalxması ilə əlaqələndirilirdi.
Tirğan zamanı keçirilən su mərasimi “Abrizəgan”, yəni “su tökmə” adlanırdı. Əbu Reyhan Biruninin qeydə aldığı ənənələrə əsaslanan “Encyclopædia Iranica” bu mərasim zamanı insanların sevinc içində bir-birinin üzərinə su səpdiyini bildirir. Mərasim həm yağış arzusunu, həm təmizlənməni, həm də yayın istisində sərinləməyi simvolizə edirdi.
Vardavar isə bu gün Erməni Apostol Kilsəsinin İsanın Transfiqurasiyası bayramı ilə əlaqələndirilir. Erməni ənənəsində onun xristianlıqdan əvvəl Astğik adlı sevgi, gözəllik, su və məhsuldarlıq ilahəsinə həsr olunduğu bildirilir. Xristianlığın qəbulundan sonra qədim su mərasimi yeni dini təqvimə uyğunlaşdırılıb və İsanın Transfiqurasiyası günü ilə birləşdirilib.
Lakin bu fakt Vardavarın İran-Zərdüşt dini mühitindən ayrı və müstəqil şəkildə yarandığını sübut etmir. Əksinə, qədim erməni dini üzərində İran mədəniyyətinin güclü təsiri elmi ədəbiyyatda geniş şəkildə qəbul olunur.
“Encyclopædia Iranica”nın qədim erməni dini haqqında məqaləsində İranın erməni mənəvi mədəniyyətinə əsas təsir göstərən qüvvə olduğu, qədim erməni dini sistemində Zərdüştlükdən gələn çoxsaylı elementlərin mövcudluğu qeyd edilir. Aramazd, Anahit, Mihr və Vahaqn kimi erməni panteonundakı tanrıların adları və funksiyaları da İran dini ənənəsi ilə birbaşa paralellər daşıyır.
Harvard Universitetinin erməni və İran araşdırmaları üzrə tanınmış alimi Ceyms Rassell “Zoroastrianism in Armenia” əsərində xristianlıqdan əvvəlki erməni dininin, yerli xüsusiyyətlərinə baxmayaraq, əsasən İran-Zərdüşt dini mühitinin bir hissəsi olduğunu göstərib.
Qədim dinlər üzrə mütəxəssis Albert de Yonq da Vardavar zamanı insanların bir-birini su ilə islatması ilə İran zərdüştilərinin Tir-Tiştar mərasimi arasında güclü oxşarlıq olduğunu qeyd edir.
Bütün bunlar göstərir ki, Vardavarın su ritualını yalnız “unikal və müstəqil erməni bayramı” kimi təqdim etmək tarixi mənzərəni tam əks etdirmir. Daha əsaslandırılmış yanaşmaya görə, bu mərasim qədim İran-Zərdüşt mədəniyyətinin Cənubi Qafqaz və Anadolu coğrafiyasına yayılmış dini-mədəni qatlarından biridir.
Erməni ənənəsi həmin qədim su ayinini zamanla yerli Astğik kultu ilə əlaqələndirmiş, xristianlığın qəbulundan sonra isə onu kilsə təqviminə uyğunlaşdıraraq İsanın Transfiqurasiyası bayramının tərkibinə daxil etmişdir.
Bu səbəbdən Vardavarı qədim Tirğan və Abrizəgan ənənələrindən tamamilə ayrı təqdim etmək mümkün deyil. Burada söhbət sadəcə zahiri oxşarlıqdan deyil, qədim erməni dini üzərindəki geniş İran-Zərdüşt təsirindən, su və yağış kultlarının mənimsənilməsindən və sonradan xristianlaşdırılmasından gedir.
Tarixi və dini mənbələr qarşılaşdırıldıqda belə nəticəyə gəlmək mümkündür: bu gün Vardavar adı ilə təqdim edilən su mərasiminin ən qədim və sistemli dini izləri Zərdüşt mədəniyyətindəki Tirğan və Tiştriya ayinlərinə gedib çıxır.
Prof. Dr. Zaur Əliyev