Ayasofyada Bibliya oxuyan rusiyalı turistlər deportasiya edildi

İstanbulun Ayasofya məscidində Bibliyanı ucadan oxuduğu bildirilən rusiyalı turist və həyat yoldaşı saxlanıldıqdan sonra Türkiyədən deportasiya ediliblər.

20

İstanbulda fəaliyyət göstərən Ayasofya Böyük Məscidinin ziyarət bölməsində Bibliyadan parçalar oxuduğu bildirilən rusiyalı turist və həyat yoldaşı Türkiyədən deportasiya ediliblər.

MSNews.az xəbər verir ki, Moskvadan İstanbula turist kimi gələn İqor və Viktoriya Filonovlar Ayasofyanı ziyarət edərkən saxlanılıblar. Cütlüyün sözlərinə görə, İqor yanında gətirdiyi Bibliyanı çıxararaq ucadan oxumağa başladıqdan sonra təhlükəsizlik əməkdaşları onlara müdaxilə ediblər.

Onlar binadan çıxarılaraq İstanbulun Fatih rayonundakı polis bölməsinə aparılıblar. Cütlük polis sənədlərində Türkiyə Cinayət Məcəlləsinin 216-cı maddəsi — “əhalini kin və düşmənçiliyə təhrik etmə və ya müəyyən qrupu alçaltma” ilə bağlı şübhənin qeyd olunduğunu bildirib. “Euronews” həmin maddə üzrə araşdırma başladıldığı barədə məlumat yayıb.

Bununla belə, saxlanılan şəxslərə qarşı rəsmi ittiham aktının təqdim edilməsi və ya işin məhkəməyə göndərilməsi barədə açıq məlumat yoxdur. İstanbul valiliyi və Türkiyənin Miqrasiya İdarəsi hadisə ilə bağlı ətraflı rəsmi açıqlama verməyib. İstanbul polisindəki mənbələr isə saxlanılma faktını Rusiyanın “TASS” agentliyinə təsdiqləyiblər.

Polis prosedurlarından sonra rusiyalı turistlər Arnavutköydə yerləşən əcnəbilərin geri göndərilməsi mərkəzinə aparılıblar. Burada onların Türkiyədən çıxarılması məsələsinə baxılıb. Rusiya Baş Konsulluğu cütlüyün vəkili ilə əlaqə saxlandığını və prosesin diplomatlar tərəfindən izlənildiyini bildirib.

İqor və Viktoriya Filonovlar iyulun 17-də axşam saatlarında planlaşdırılmış reyslə İstanbuldan Moskvaya yola salınıblar. Bu məlumatı Rusiyanın İstanbuldakı Baş Konsulluğu təsdiqləyib. Beləliklə, onların hazırda deportasiya mərkəzində olduğu barədə yayılan məlumat artıq köhnəlib.

Cütlük Ayasofyanın turistlər üçün nəzərdə tutulan muzey hissəsində olduqlarını düşündüklərini və Bibliya oxumağın qadağan edildiyindən xəbərsiz olduqlarını bildirib. Onların sözlərinə görə, kitabı yalnız İqor oxuyub, Viktoriya isə onun yanında dayanıb.

Ayasofya 1935-ci ildən muzey kimi fəaliyyət göstərsə də, 2020-ci ildə yenidən məscid statusu alıb. Hazırda kompleksin əsas hissəsi ibadət məkanı, yuxarı qalereyası isə xarici turistlərin ziyarət edə bildiyi tarixi ərazi kimi istifadə olunur.