Yay Fest 2026-nın ilk mərhələsi olan “Rəqəmsal Dövlət” düşərgəsi uğurla başa çatıb.
MSNews.az xəbər verir ki, bu il festival süni intellekt, rəqəmsal transformasiya və innovativ texnologiyalar mövzusuna həsr olunub. Proqram Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin yeni rəqəmsal arxitekturası üzrə müəyyən etdiyi prioritetlərə uyğun hazırlanıb.
Ölkənin müxtəlif bölgələrindən olan gənclərin iştirak etdiyi düşərgə çərçivəsində gələcəyin texnologiyaları, rəqəmsal bacarıqlar və innovativ düşüncə ilə bağlı zəngin proqram təşkil edilib. İştirakçılar süni intellekt və rəqəmsal transformasiya sahəsində yeni yanaşmalarla tanış olmaqla yanaşı, şəbəkələşmək imkanı da əldə ediblər.
Düşərgədə aparıcı jurnalistlərin, universitet rektorlarının, dövlət qurumlarının nümayəndələrinin və süni intellekt mütəxəssislərinin iştirakı ilə bir sıra görüş və sessiyalar keçirilib.
Proqram çərçivəsində “Gələcəyin vətəndaşı: Rəqəmsal savadlılıq və Süni İntellekt”, “Rəqəmsal əsrdə tələblər və imkanlar”, “Rəqəmsal dövlət: Vətəndaşlara xidmət və texnoloji transformasiya”, “Süni intellekt: Gələcəyin bacarığı”, “Rəqəmsal dünyada media: Yeni çağırışlar və strateji hədəflər” və “Gələcəyin insanı: Bacarıq, yoxsa diplom?” mövzularında müzakirələr aparılıb.
Sessiyalar zamanı iştirakçılara rəqəmsal texnologiyaların cəmiyyətə təsiri, süni intellektin müxtəlif sahələrdə tətbiqi, rəqəmsal dövlət xidmətlərinin inkişafı, media sektorundakı dəyişikliklər və gələcəyin peşə bacarıqları barədə məlumat verilib. Gənclər ekspertlərlə interaktiv müzakirələrdə iştirak edərək bilik və bacarıqlarını inkişaf etdiriblər.
Düşərgənin proqramına maarifləndirici sessiyalarla yanaşı, “Yay Fest rəngləri” master-klassı, intellektual oyunlar, müxtəlif idman yarışları, stolüstü oyunlar və haykinq təlimi də daxil edilib.
Hər günün sonunda DJ proqramları, iştirakçıların fərqli konseptlərdə hazırladığı səhnə performansları və tonqal ətrafında görüşlər təşkil olunub.
Sentyabrın 4-dək davam edəcək Yay Fest 2026-da ümumilikdə 2 mindən çox gəncin iştirakı nəzərdə tutulur. Festival çərçivəsində mərhələli şəkildə daha yeddi düşərgə keçiriləcək:
“Media və Rəqəmsal savadlılıq”, “Kreativ AI”, “Müasir şəhərlər və texnologiya”, “Elm, etika və gələcək”, “Mühəndislik və kod”, “Startap və sahibkarlıq”, eləcə də “AI – İdman və sağlamlıq”.
İştirakçı sayına və müddətinə görə ölkənin ən böyük gənclər festivallarından biri sayılan Yay Fest 2026 Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “İDEA” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilir.
Festivalın təşkilatçıları sırasında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Gənc Könüllülər” İctimai Birliyi yer alır.
18–25 yaş arasında olan gənclər növbəti düşərgələrdə iştirak etmək üçün “Yay Fest”in rəsmi saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Seçim zamanı ictimai fəallığı ilə fərqlənən namizədlərə üstünlük veriləcək. Hər bir iştirakçı yalnız bir düşərgəyə qoşula bilər.
Festivalın proqramı və yenilikləri barədə məlumatlar “Yay Fest”in rəsmi “Instagram” səhifəsində də yayımlanır.












