Uşaq kitabı İspaniya–Argentina finalını əvvəlcədən “proqnozlaşdırıb”

ABŞ-də mundialdan əvvəl nəşr olunan “The World’s Game” adlı uşaq kitabında İspaniyanın Argentinanı 2:1 hesabı ilə məğlub etdiyi matç təsvir olunub. Həlledici qol 88-ci dəqiqədə vurulur.

36

ABŞ-da mağazaya daxil olan ispaniyalı turistin mundial başlamazdan əvvəl nəşr edilmiş uşaq kitabında İspaniya–Argentina qarşılaşmasına bənzəyən maraqlı süjet aşkarlaması sosial şəbəkələrdə gündəmə çevrilib.

MSNews.az xəbər verir ki, söhbət yazıçı Yamile Saied Méndezin qələmə aldığı və Andrés Landazábalın illüstrasiya etdiyi “The World’s Game” kitabından gedir. Nəşr ABŞ-də iyunun 2-də — dünya çempionatının açılışından doqquz gün əvvəl satışa çıxarılıb. “Penguin Random House” kitabın 40 səhifədən ibarət olduğunu və 3–7 yaşlı uşaqlar üçün nəzərdə tutulduğunu bildirir.

Kitabda açıq-mavi və ağ rəngli formalar geyinən komanda ilə qırmızı-sarı rəngli komandanın qarşılaşması təsvir olunur. İllüstrasiyalar sosial şəbəkə istifadəçiləri tərəfindən Argentina və İspaniya milliləri kimi şərh edilib.

“La Sexta” yazır ki, süjetdə Argentina kimi təqdim olunan komanda təxminən 15-ci dəqiqədə hesabı açır. İspaniya daha sonra hesabı bərabərləşdirir və 88-ci dəqiqədə vurulan qolla 2:1 hesablı qələbə qazanır.

Viral videonu çəkən qadın kitabın səhifələrini göstərərək İspaniya və Argentina rənglərini, 1:1 hesabını, 88-ci dəqiqəni və İspaniyanın 2:1 hesablı qələbəsini qeyd edib. Videoda mağazanın adı və yerləşdiyi şəhər açıqlanmayıb.

Kitabda qələbə qolunun müəllifi mətnlə Ferran Torres adlandırılmır. Lakin həlledici epizodda görünən ispaniyalı futbolçunun formasında 7 nömrəsi yer alır. Ferran Torres də 2026-cı il dünya çempionatında İspaniya millisinin 7 nömrəli formasını geyinir. Buna görə mediada və sosial şəbəkələrdə həmin futbolçu Ferran Torres kimi təqdim olunur.

Maraqlı məqamlardan biri də kitab üzərində işlərin finalçılar müəyyənləşməzdən xeyli əvvəl başlamasıdır. İllüstrator Andres Landazabal layihənin 2025-ci ilin martında formalaşmağa başladığını bildirib. O, mundialda Kolumbiya və İspaniya ilə yanaşı Argentina və İngiltərəni də dəstəkləyəcəyini söyləyib.

Kitabın müəllifi Yamile Saied Mendez Argentinanın Rosario şəhərində anadan olub və uzun müddətdir ABŞ-da yaşayır. Nəşriyyatın təqdimatında əsərin konkret finalı proqnozlaşdırmaq üçün deyil, futbolun azarkeşləri və müxtəlif icmaları birləşdirən gücünü göstərmək məqsədilə hazırlandığı vurğulanır.

İspaniya və Argentina arasında dünya çempionatının real finalı iyulun 19-da Nyu-Cersidəki “New York New Jersey Stadium”da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.