Donald Trampa bağlı “Trump Media & Technology Group” maliyyə şirkətlərinə “Truth Social” platformasındakı bazara təsir göstərə biləcək paylaşımlara daha sürətli çıxış verən “Truth API” xidmətini istifadəyə verəcək.
MSNews.az xəbər verir ki, şirkətin rəsmi açıqlamasına əsasən, yeni xidmətin 2026-cı il avqustun 1-dən institusional müştərilər üçün əlçatan olması planlaşdırılır. Şirkət məhsulun istifadəyə verilməsindən əvvəl artıq bir neçə müştəri ilə razılaşma əldə etdiyini bildirib.
“Truth API” platformanın ən nüfuzlu hesablarında yayımlanan məlumatları lisenziyalı, maşın tərəfindən oxuna bilən və fasiləsiz məlumat axını formasında təqdim edəcək. Xidmət paylaşımları müştərilərə millisaniyələr ərzində çatdıracaq və 2022-ci ildən bu günədək yayımlanmış materialların arxivini də əhatə edəcək.
“Reuters” yazır ki, məlumat axını “Truth Social”ın ən nüfuzlu 10 hesabını əhatə edəcək. Onların sırasında ABŞ Prezidenti Donald Trampın, oğulları Donald Tramp Jr. və Erik Trampın, eləcə də onun bəzi tanınmış tərəfdarlarının hesabları yer ala bilər.
Şirkətin müvəqqəti baş icraçı direktoru Kevin Makqern bildirib ki, maliyyə bazarları artıq “Truth Social” paylaşımlarına reaksiya verir. Onun sözlərinə görə, yeni xidmət məlumat gecikməsinin maliyyə itkisinə səbəb ola biləcəyi yüksək tezlikli və alqoritmik treydinq şirkətləri üçün nəzərdə tutulub.
Donald Trampın ticarət rüsumları, geosiyasi münaqişələr və iqtisadi siyasətlə bağlı paylaşımları daha əvvəl səhmlərin, neftin və digər aktivlərin qiymətlərində sürətli dəyişikliklərə səbəb olub. Məsələn, 2025-ci il aprelin 9-da Tramp yeni tariflərin bir hissəsini 90 gün müddətinə dayandıracağını “Truth Social”da açıqladıqdan sonra ABŞ-nin əsas fond indeksləri kəskin yüksəlmişdi.
Şirkətin rəsmi açıqlamasında “Truth API”nin paylaşımları digər istifadəçilərdən əvvəl təqdim edib-etməyəcəyi dəqiq göstərilmir. Açıqlamada məlumatın “millisaniyələr ərzində” ötürüləcəyi və adi mobil bildirişlərdən əhəmiyyətli dərəcədə sürətli olacağı bildirilir. Buna görə xidmətin əsas üstünlüyü məlumatların ictimaiyyətə açıqlanmasından əvvəl əldə olunmasından daha çox, onların dərc edildiyi anda birbaşa və avtomatlaşdırılmış şəkildə qəbul edilməsidir.
“Reuters”in mənbələrinin məlumatına görə, “Trump Media” xidmət üçün aylıq 100 min dollar, üçillik müqavilə bağlayan şirkətlər üçün isə aylıq 60 min dollar qiymət təklif edib. Şirkət rəsmi təqdimatında qiymətləri açıqlamayıb.
Təşəbbüs ABŞ-də etik mübahisələr yaradıb. Tənqidçilər prezidentin bazara təsir edən açıqlamalarına daha sürətli çıxışın ödənişli xidmətə çevrilməsinin varlı maliyyə şirkətlərinə üstünlük verə və Tramp ailəsinə gəlir qazandıra biləcəyini bildirirlər. Donald Trampın sərmayələrini idarə edən ailə nəzarətindəki trast “Trump Media”nın dövriyyədə olan səhmlərinin təxminən 41 faizinə sahibdir.
Hüquq mütəxəssislərinin fikrincə, sosial media platformalarının müxtəlif sürətdə məlumat xidmətləri satması ümumilikdə ABŞ-nin qiymətli kağızlar qanunvericiliyi ilə qadağan edilmir. Bununla belə, söhbətin vəzifədə olan prezidentin bazara təsir edə bilən paylaşımlarından getməsi maraqların toqquşması və məlumatlara bərabər çıxış məsələlərini gündəmə gətirib.