Rusiyanın Odessaya raket zərbəsində 2 nəfər ölüb

Rusiyanın Odessaya raket hücumu nəticəsində iki nəfər həlak olub, son məlumata görə 10 nəfər yaralanıb. Zərərçəkənlər arasında uşaqlar da var.

13

MSNews.az xəbər verir ki, Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperin son açıqlamasına əsasən, yaralananların sayı 10 nəfərə yüksəlib. Onların arasında iki uşaq da var. Beləliklə, ilkin məlumatlarda göstərilən yeddi yaralı ilə bağlı rəqəm sonradan yenilənib. Bu barədə rəsmilərə istinad edən “Ukrainska Pravda” məlumat yayıb.

Hücum iyulun 16-sı axşam saatlarında həyata keçirilib. Ölənlərdən birinin parkda uşaqları ilə gəzən qadın olduğu, uşaqların isə sağ qaldığı bildirilib. Yaralılara tibbi yardım göstərilir.

Zərbələr nəticəsində yaşayış binaları, dini obyekt, məktəbəqədər təhsil müəssisəsi, avtomobillər və digər mülki infrastruktur zədələnib. Hadisə yerlərində xilasedicilər, kommunal xidmət əməkdaşları və hüquq-mühafizə orqanları fəaliyyət göstərir.

“Associated Press” də yerli hakimiyyətə istinadla iki nəfərin öldüyünü və 10 nəfərin yaralandığını təsdiqləyib. Agentliyin məlumatına görə, zərbə Odessanın mərkəzində mülki əraziyə dəyib.

“Reuters” ilkin məlumatında iki nəfərin öldüyünü, altı nəfərin yaralandığını və mülki infrastruktura ziyan dəydiyini bildirmişdi. Agentlik tərəflərin açıqlamalarını müstəqil şəkildə yoxlaya bilmədiyini qeyd edib.