Erməni güləşçi barədə yayılan iddia saxtadır

Sosial şəbəkələrdə erməni güləşçinin gürcü rəqibinə qarşı nalayiq hərəkət etdiyi və məhkəmədə bəraət aldığı barədə yayılan mətnin həqiqəti əks etdirmədiyi müəyyənləşib.

11

MSNews.az xəbər verir ki, paylaşımda hadisənin Serbiyada keçirilmiş güləş üzrə Avropa çempionatında baş verdiyi bildirilir. İddia olunur ki, erməni idmançı əvvəlcə yarışlardan uzaqlaşdırılıb, sonra isə hansısa “Avropa Apellyasiya Məhkəməsinə” müraciət edərək işi udub.

Lakin paylaşımda idmançıların adları, yarışın tarixi, çəki dərəcəsi, qarşılaşmanın nəticəsi, məhkəmə işinin nömrəsi və ya qərarın rəsmi mətni göstərilmir.

Mətn ən azı 2018-ci ildən yayılır

Eyni mətnə demək olar ki, sözbəsöz formada 2018-ci ilin avqustunda yerləşdirilmiş bir internet forumu paylaşımında rast gəlinir. Həmin paylaşım xəbər və ya rəsmi sənəd deyil, gülüş emojiləri və etnik məzmunlu təhqiramiz şərhlərlə müşayiət olunan anonim forum yazısıdır.

Bu isə hazırda yayılan şəklin yeni hadisəni göstərmədiyini və illərdir dövriyyədə olan istehza xarakterli mətn olduğunu göstərir.

Serbiyada çempionat keçirilib, amma belə hadisə qeydə alınmayıb

“United World Wrestling”in rəsmi arxivinə əsasən, böyüklər arasında 2017-ci il Avropa çempionatı mayın 2–7-də Serbiyanın Novi Sad şəhərində keçirilib. Saytda yarışın iştirakçıları, nəticələri, turnir cədvəlləri və medalçıları barədə rəsmi məlumatlar yerləşdirilib.

Lakin UWW-nin yarış materiallarında erməni və gürcü idmançı arasında paylaşımda təsvir olunan insident, uzunmüddətli diskvalifikasiya və ya sonradan ləğv edilmiş cəza barədə məlumat yoxdur.

Hadisə həqiqətən baş versəydi, xüsusilə bütün Avropa yarışlarından uzaqlaşdırılma kimi ağır sanksiya tətbiq edilsəydi, bu barədə idmançıların adları, intizam qərarı və apellyasiya sənədləri olmalı idi.

“Avropa Apellyasiya Məhkəməsi” adlı qurum yoxdur

Paylaşımın ən ciddi uyğunsuzluqlarından biri idmançının guya “Avropa Apellyasiya Məhkəməsinə” müraciət etməsidir.

Beynəlxalq idman federasiyalarının qərarlarından verilən şikayətlərə əsasən İsveçrənin Lozanna şəhərində yerləşən “İdman Arbitraj Məhkəməsi” — CAS baxır. CAS özünü idman mübahisələrini arbitraj və mediasiya yolu ilə həll edən müstəqil qurum kimi təqdim edir.

“UWW”nin intizam qaydalarında da federasiyanın intizam qərarlarından şikayətlərin yalnız CAS-a verilə biləcəyi göstərilir. Eyni qaydalara əsasən, konkret qarşılaşma zamanı hakimlər heyətinin verdiyi qərardan CAS-a və ya başqa məhkəməyə apellyasiya qəbul edilmir.

UWW-nin rəsmi intizam səhifəsi də federasiya qərarlarından apellyasiyanın CAS vasitəsilə aparıldığını təsdiqləyir.

Buna görə paylaşımda qeyd edilən “Avropa Apellyasiya Məhkəməsi” idman hüququ sistemində belə işlərə baxan real qurum deyil.

Foto iddianı sübut etmir

Paylaşımda istifadə olunan foto güləş qarşılaşması zamanı idmançılardan birinin başının rəqibinin ayaqları arasında qaldığı anı göstərir. Belə vəziyyətlər sərbəst və yunan-Roma güləşində tətbiq olunan fəndlər zamanı yarana bilər.

Tək bir kadr idmançının rəqibini dişlədiyini, hakim tərəfindən cəzalandırıldığını və ya hər hansı məhkəmə işinin baş verdiyini sübut etmir. Foto ilə yanaşı yayılan mətndə də görüntünün çəkilmə tarixi, yarışın adı və idmançıların kimliyi göstərilməyib.

Nəticə

Erməni güləşçinin gürcü rəqibinin cinsiyyət orqanını dişlədiyi, daha sonra məhkəməyə müraciət edərək yarışlara qayıtdığı barədə məlumat saxtadır.

İddianı təsdiqləyən rəsmi yarış protokolu, intizam qərarı, məhkəmə sənədi və ya etibarlı media xəbəri yoxdur. Mətn ən azı 2018-ci ildən etibarən anonim forumlarda istehza və etnik təhqir məqsədilə paylaşılır.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031