Minecraft nailiyyətləri tələbəyə 15 min dollarlıq təqaüd qazandıra bilər

ABŞ-ın Kaliforniya ştatındakı University of Silicon Valley videooyunlardakı mürəkkəb nailiyyətləri nəzərə alan təqaüd proqramı başladıb. “Minecraft” üzrə bütün nailiyyətləri tamamlayan tələbələr illik 15 min dollaradək təqaüd üçün müraciət edə bilərlər.

21

MSNews.az xəbər verir ki, University of Silicon Valley proqram çərçivəsində oyunlardakı mürəkkəb nailiyyətləri əzmkarlıq, strateji düşüncə, problemlərin həlli və sistemləri idarə etmək bacarığının göstəricisi kimi qiymətləndirir.

Proqramın ən çox diqqət çəkən istiqamətlərindən biri “Minecraft” oyunudur. Universitetin rəsmi siyahısında oyundakı 115-dən çox “advancement”in — tapşırıq və nailiyyətin hamısını tamamlayan namizədlər ən yüksək “Legendary Tier” kateqoriyasına daxil edilə bilər. Nəticənin rəsmi hesab məlumatları, statistika və ekran görüntüləri ilə təsdiqlənməsi tələb olunur.

Bununla belə, bütün nailiyyətləri tamamlayan hər bir şəxsə avtomatik olaraq 15 min dollar verilməyəcək. Təqaüdün dəqiq məbləği oyun nailiyyətinin səviyyəsi ilə yanaşı, namizədin yazacağı esse və akademik hazırlığının qiymətləndirilməsi əsasında müəyyənləşdirilir. Qiymətləndirmənin 60 faizi nailiyyətin çətinliyi və nadirliyi, 20 faizi esse, 20 faizi isə akademik potensialla bağlıdır.

“Legendary Tier” üzrə bakalavr tələbələrinə hər tədris dövrü üçün 5 min dollaradək, ildə üç dövr üzrə ümumilikdə 15 min dollaradək təqaüd ayrıla bilər. “Mastery Tier” kateqoriyası üzrə isə məbləğ hər dövr üçün 2 500 dollaradəkdir. Magistratura tələbələri üçün göstərilən məbləğlərin 50 faizi nəzərdə tutulur.

Proqrama yeni qəbul olunan birinci kurs tələbələri, başqa universitetdən köçürülənlər və magistratura pilləsinə daxil olanlar müraciət edə bilərlər. Namizəd əvvəlcə universitetə qəbul edilməli, nailiyyəti şəxsən qazandığını sübut etməli və öyrənmə, əzmkarlıq və problem həlli təcrübəsi barədə 500–750 sözdən ibarət esse təqdim etməlidir. Modifikasiya edilmiş oyunlarda, özəl və ya emulyasiya olunan serverlərdə əldə edilən nəticələr qəbul olunmur.

Təqaüd yalnız “Minecraft”la məhdudlaşmır. Rəsmi siyahıya “RuneScape”, “Final Fantasy XIV”, “World of Warcraft”, “Destiny 2”, “Genshin Impact”, “Dark Souls” trilogiyası, “Hollow Knight”, “Cities: Skylines”, “Elden Ring”, “Civilization VI” və digər oyunlar da daxildir. Hər oyun üzrə tələb olunan nailiyyət və yoxlama üsulu fərqlidir.

Məsələn, “Dark Souls” trilogiyasındakı bütün nailiyyətləri əldə etmək və ya “Hollow Knight” oyununu 112 faiz tamamlayaraq “Pantheon of Hallownest” mərhələsini keçmək ən yüksək kateqoriyaya daxil edilir. “Genshin Impact”da bütün əsas “Archon” tapşırıqlarını bitirmək və səkkiz personajı maksimum dostluq səviyyəsinə çatdırmaq isə “Mastery Tier” meyarlarından biridir.

Universitet bildirir ki, proqramın məqsədi ənənəvi qiymətlərlə yanaşı, rəqəmsal mühitdə nümayiş etdirilən intizam, uzunmüddətli planlaşdırma, yaradıcı düşüncə və uğursuzluqdan sonra davam etmək bacarığını da tanımaqdır.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031