ABŞ-ın Texas ştatında dövlət məktəbləri üçün yeni məcburi oxu siyahısı təsdiqlənib.
MSNews.az xəbər verir ki, Texas Ştat Təhsil Şurası klassik ədəbiyyat nümunələri ilə yanaşı, Bibliyadan parçaların da yer aldığı oxu siyahısını qəbul edib.
Qərar 9 lehinə, 5 əleyhinə səs nisbəti ilə təsdiqlənib. Yeni siyahının 2030-cu ildən etibarən mərhələli şəkildə tətbiq olunacağı bildirilir.
Siyahı Texasın dövlət məktəblərində təhsil alan 5 milyondan çox şagirdi əhatə edəcək. Buraya Bibliyadan parçalar, dini hekayələr, klassik ədəbiyyat nümunələri, esselər və müxtəlif bədii mətnlər daxildir.
“Associated Press”-in məlumatına görə, siyahıya Çarlz Dikkensin “Böyük ümidlər”, Ceyn Ostinin “Qürur və qərəz”, Ezop təmsilləri, eləcə də “Don Kixot”un uşaqlar üçün uyğunlaşdırılmış versiyası kimi əsərlər daxil edilib.
Bibliya ilə bağlı mətnlər isə müxtəlif siniflər üzrə bölüşdürüləcək. İbtidai siniflərdə “Nuhun gəmisi”, “David və Qolyat”, “Daniel və aslanlar yuvası” kimi dini hekayələrin oxudulması nəzərdə tutulur. Daha yuxarı siniflərdə isə Əhdi-Cədid və digər Bibliya parçaları ədəbiyyat və tarixi-mədəni kontekst çərçivəsində tədris olunacaq.
Qərar ABŞ-da dinin dövlət məktəblərində rolu ilə bağlı yeni müzakirələrə səbəb olub. Tərəfdarlar bildirirlər ki, Bibliya mətnləri Amerika mədəniyyəti, tarixi və ədəbiyyatına təsir göstərdiyi üçün şagirdlər tərəfindən öyrənilməlidir.
Tənqidçilər isə bu addımın din və dövlətin ayrılması prinsipinə zidd ola biləcəyini, həmçinin qeyri-xristian və ya dini baxışları olmayan şagirdlər üçün problem yaradacağını bildirirlər. Müəllimlərin bir qismi də oxu materiallarını seçmək azadlığının məhdudlaşmasından narazıdır.
Texas qanunvericiliyinə görə, valideynlər dini və ya mənəvi inanclarına zidd hesab etdikləri dərs və fəaliyyətlərdən övladlarının azad edilməsini tələb edə bilərlər.
Qeyd edək ki, Texas son illərdə məktəblərdə dini məzmunun artırılması istiqamətində bir neçə qərarla gündəmə gəlib. Ştat daha əvvəl dövlət məktəblərində On Əmrin nümayişi və din xadimlərinin məktəblərdə məsləhətçi kimi çalışmasına imkan verən təşəbbüslərlə də diqqət çəkmişdi.
Yeni oxu siyahısının tətbiqinə 2030-2031-ci tədris ilindən başlanacağı gözlənilir.