Yunanıstan zəhərli iynəqarın balığını ovlayanlara pul ödəyəcək

Yunanıstanda invaziv gümüşyanaqlı iynəqarın balığının yayılmasını məhdudlaşdırmaq üçün peşəkar balıqçılara hər kiloqram ov üçün 5,33 avroya qədər ödəniş nəzərdə tutulub.

12

MSNews.az xəbər verir ki, “Yunanıstanın Kənd Təsərrüfatının İnkişafı və Ərzaq Nazirliyi” tərəfindən açıqlanan pilot proqram çərçivəsində balıqçılara tutduqları hər kiloqram iynəqarına görə maksimum 5,33 avro xalis ödəniş nəzərdə tutulub. İlkin mərhələdə proqram Krit və Cənubi Egey bölgələrini əhatə edəcək. Layihəyə ayrılan birgə maliyyələşdirilən dövlət vəsaiti 1,5 milyon avrodur.

Proqram yalnız peşəkar sahilyanı balıqçıların məqsədli ovunu nəzərdə tutur. Tutulan balıqlar xüsusi məntəqələrdə qeydə alınacaq, çəkiləcək, müvəqqəti saxlanılacaq və təhlükəsiz şəkildə utilizasiya ediləcək. Nazirliyin sənədlərində ödəniş məbləğinin layihənin şərtlərindən asılı olaraq 5,33 avroyadək çata biləcəyi göstərilir.

“Associated Press” bildirir ki, toplanan balıqlar dondurulduqdan sonra yerli dövlət obyektlərində yandırılacaq. Yunanıstanın kənd təsərrüfatı naziri Marqaritis Sxinas bunun ölkədə bu növə qarşı tətbiq edilən ilk belə proqram olduğunu və uğurlu nəticə verəcəyi halda digər bölgələrə də genişləndirilə biləcəyini söyləyib.

Elmi adı Lagocephalus sceleratus olan gümüşyanaqlı iynəqarın Hind və Sakit okeanların tropik sularına məxsus invaziv növdür. Balığın Süveyş kanalı vasitəsilə Qırmızı dənizdən Aralıq dənizinə keçdiyi, suyun istiləşməsinin isə onun şimala doğru yayılmasını asanlaşdırdığı bildirilir.

Balığın toxumalarında və daxili orqanlarında tetrodotoksin adlı güclü neyrotoksin mövcuddur. Onun qida kimi istifadəsi ağır zəhərlənmə, iflic, tənəffüs problemləri və ölüm riski yarada bilər. Buna görə növün satılması və istehlakı təhlükəli hesab olunur.

Gümüşyanaqlı iynəqarın güclü, dimdiyə bənzəyən dişləri ilə də seçilir. Sosial şəbəkələrdə balığın metal qabları və taxta parçalarını dişlədiyini göstərən görüntülər yayılıb. Bununla belə, mütəxəssislər əsas problemin üzgüçülərdən daha çox balıqçılıq təsərrüfatlarına aid olduğunu bildirirlər.

Kritli balıqçılar bu növün torları cırdığını, tutulmuş balıqları yediyini və onların gəlirlərinə ciddi zərər vurduğunu bildirirlər. “Avropa Komissiyası” bəzi yunan balıqçıların yalnız torlara dəyən zərərə görə ildə 5 min avrodan çox itki ilə üzləşdiyini qeyd edib. Digər araşdırmalarda bir balıqçı gəmisi üzrə orta illik itkinin təxminən 8 500 avroya çata bildiyi göstərilir.

Oxşar ov və kompensasiya proqramı daha əvvəl Kiprdə tətbiq olunub. Yunanıstan hakimiyyəti proqramın məqsədinin həm invaziv növün sayını azaltmaq, həm dəniz ekosistemini qorumaq, həm də zərər çəkən sahilyanı balıqçıların gəlirlərini dəstəkləmək olduğunu bildirir.

Bununla yanaşı, Kritdə fəaliyyət göstərən bir sıra tibb və turizm təşkilatları əhalini panikaya düşməməyə çağırıb. Onların açıqlamasına görə, balıq uzun müddətdir region sularında müşahidə edilir və çimərliklərdə insanlara qarşı genişmiqyaslı təhlükənin mövcudluğunu göstərən məlumat yoxdur. Əsas risk balığın yeyilməsi və ya tutularkən ehtiyatsız davranılması ilə bağlıdır.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.