Şuşanın Qarabağ küçəsində 10 yeni bina inşa edilib

Prezident İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində inşa edilmiş mehmanxana, apart hotel, ofis və iaşə obyektləri ilə tanış olub.

13

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş layihələrlə tanış olub.

MSNews.az xəbər verir ki, Azərbaycan Prezidentinin rəsmi internet səhifəsinin məlumatına görə, yerli investorlar tərəfindən Qarabağ küçəsində müxtəlif təyinatlı ümumilikdə 10 bina inşa edilib. Obyektlər arasında mehmanxana, apart hotellər, ofislər və iaşə müəssisələri yer alır.

Tikinti zamanı obyektlərin keyfiyyəti ilə yanaşı, onların Şuşanın tarixi memarlıq görünüşünə və şəhərin ümumi üslubuna uyğunlaşdırılmasına da xüsusi diqqət yetirilib.

Layihənin Şuşada aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin bir hissəsi olduğu bildirilir. Yeni obyektlərin şəhərin iqtisadi həyatının canlanmasına, turizm və xidmət imkanlarının genişlənməsinə, sakinlər və qonaqlar üçün daha rahat şəraitin yaradılmasına töhfə verəcəyi gözlənilir.

Qarabağ küçəsində həyata keçirilən layihə, eyni zamanda, işğaldan azad edilmiş ərazilərin inkişafında özəl sektorun iştirakının və Azərbaycanda dövlət-özəl tərəfdaşlığı modelinin tətbiqinin nümunəsi kimi təqdim olunur.