TRT şərhçisi DÇ-2026 yayınlarından uzaqlaşdırıldı

TRT-nin şərhçisi Murat Ekrem Çimen İran - Yeni Zelandiya matçında komandaları qarışdırdığı üçün Dünya Kuboku yayım heyətindən çıxarılıb.

9

Türkiyənin dövlət yayımçısı TRT Dünya Kuboku matçında yol verilən səhvə görə şərhçi Murat Ekrem Çimeni turnir yayınlarından uzaqlaşdırıb.

MSNews.az xəbər verir ki, “Türkiye Today” nəşrinin məlumatına görə, Çimen DÇ-2026-nın “G” qrupunda keçirilən İran – Yeni Zelandiya matçının ilk dəqiqələrində komandaları səhv təqdim edib.

Məlumata əsasən, şərhçi bir neçə dəqiqə ərzində İranın hücumlarını Yeni Zelandiya, Yeni Zelandiyanın epizodlarını isə İranın hücumları kimi təqdim edib. Səhv canlı yayım zamanı sosial mediada geniş müzakirə olunub.

“Odatv” TRT-nin açıqlamasına istinadən bildirib ki, hadisə yayım standartları baxımından qəbuledilməz sayılıb. Qurum izləyicilərdən üzr istəyib və məsələ ilə bağlı inzibati araşdırma başladıldığını açıqlayıb.

TRT-nin məlumatına görə, Murat Ekrem Çimen araşdırma müddətində ABŞ-dakı Dünya Kuboku yayım heyətindən çıxarılıb və turnirin qalan yayınlarında iştirak etməyəcək.

Qeyd edək ki, İran – Yeni Zelandiya qarşılaşması 2:2 hesabı ilə başa çatıb.