Vens: “ABŞ İrana pul vermir”

ABŞ vitse-prezidenti Cey Di Vens İranla razılaşma fonunda Tehrana birbaşa pul ayrılacağı iddialarını rədd edib. O bildirib ki, İran davranışını dəyişərsə, digər ölkələrin onun iqtisadiyyatına investisiya qoymasına imkan verilə bilər.

9

ABŞ vitse-prezidenti Cey Di Vens İranla bağlı iqtisadi bərpa planları barədə açıqlama verib.

MSNews.az xəbər verir ki, Vens “The Megyn Kelly Show” proqramında İranla əldə olunan razılaşma ətrafında yaranan tənqidlərə cavab verib.

NDTV”nin məlumatına görə, Vens ABŞ-ın İrana 300 milyard dollar pul verəcəyi barədə iddiaları rədd edib. O bildirib ki, söhbət Amerika büdcəsindən Tehrana vəsait ayrılmasından yox, İranın davranışını dəyişəcəyi halda üçüncü ölkələrin bu ölkəyə investisiya qoymasına icazə verilməsindən gedir.

Vens misal kimi Birləşmiş Ərəb Əmirliklərini göstərib. Onun sözlərinə görə, əgər BƏƏ İranda atom elektrik stansiyasının tikintisinə investisiya qoymaq istəsə, bu, ABŞ-ın qlobal maliyyə sistemində qüvvədə olan bəzi sanksiyaları yumşaltması olmadan mümkün olmaz.

ABŞ vitse-prezidenti bildirib ki, Vaşinqton İran davranışını dəyişmədiyi halda belə investisiyalara icazə verməyəcək. Onun sözlərinə görə, Tehran üzərinə götürdüyü tələbləri yerinə yetirərsə, digər ölkələrin İran iqtisadiyyatının bərpasına və bu ölkə xalqı üçün rifah yaradılmasına investisiya qoymasına şərait yaradıla bilər.

Iran International” yazır ki, Vens “ABŞ pulu heç bir halda İrana getməyəcək” deyərək razılaşmanın şərtli xarakter daşıdığını vurğulayıb. O, tənqidçilərin İranın əldə edə biləcəyi mümkün faydaları qabartdığını, lakin Tehranın nələrdən imtina etməli olduğunu nəzərə almadığını bildirib.

Reuters”in məlumatına görə, ABŞ-İran çərçivə razılaşmasında İran iqtisadiyyatına investisiyaları stimullaşdırmaq üçün 300 milyard dollarlıq özəl “Yenidənqurma və İnkişaf Fondu”nun yaradılması nəzərdə tutulur. “Reuters” bu fondun razılaşmanın yekun mərhələsinə iqtisadi stimul yaratmaq məqsədi daşıdığını yazır.

NDTV” qeyd edir ki, sözügedən fond dövlət qrantı və ya kompensasiya mexanizmi deyil, özəl investisiya aləti kimi təqdim olunur. Fondun fəaliyyətə başlaması isə yekun və qənaətbəxş razılaşmanın əldə olunmasından asılı olacaq.

Vensin açıqlaması ABŞ daxilində İran razılaşmasına qarşı artan tənqidlər fonunda səslənib. Tənqidçilər sazişin Tehrana həddindən artıq böyük iqtisadi üstünlüklər verə biləcəyini iddia edirlər. Vens isə bütün mümkün iqtisadi faydaların yalnız İranın davranış dəyişikliyi və razılaşma şərtlərinə əməl etməsi halında reallaşa biləcəyini bildirib.

ABŞ administrasiyası razılaşmanın əsas məqsədinin İranın nüvə proqramı, regional fəaliyyəti və Yaxın Şərqdə gərginliyin azaldılması ilə bağlı daha geniş diplomatik çərçivə yaratmaq olduğunu bildirir.