“Polymarket” istifadəçisi İspaniyanın büdrəməsindən 4,7 milyon qazandı

"Polymarket"-də "fishalive" adlı istifadəçi İspaniyanın Kabo-Verdeyə qalib gəlməyəcəyinə böyük məbləğdə proqnoz edib. İspaniyanın 0:0 hesablı heç-heçəsindən sonra onun qazancı 4,7 milyon dollara çatıb.

12

İspaniyanın Kabo-Verde ilə sensasion heç-heçəsi “Polymarket” proqnoz bazarında bir istifadəçiyə milyonlarla dollar qazandırıb.

MSNews.az xəbər verir ki, “NY Post”un məlumatına görə, “fishalive” adlı istifadəçi İspaniyanın Dünya Kubokundakı ilk oyununda Kabo-Verdeyə qalib gəlməyəcəyinə təxminən 427 min dollar yatırıb.

Məlumata əsasən, bu nəticənin ehtimalı oyunöncəsi cəmi 9-10 faiz civarında qiymətləndirilirdi. “Polymarket” bazarında İspaniyanın qələbəsi 91 faizlik ehtimalla qiymətləndirilmişdi, heç-heçə və Kabo-Verde qələbəsi isə autsayder variantlar hesab olunurdu.

Lakin oyun gözlənilməz nəticə ilə başa çatıb. Kabo-Verde mundial debütündə İspaniyaya qarşı möhtəşəm müdafiə oyunu göstərərək 0:0 hesablı heç-heçə edib.

Bu nəticədən sonra “fishalive” istifadəçisinin proqnozu uğurlu olub. Yayılan məlumata görə, həmin proqnoz üzrə qazanc 4 milyon 702 min dollardan çox təşkil edib.

Bu nəticə təkcə futbol baxımından deyil, proqnoz bazarlarında da geniş müzakirələrə səbəb olub.