Rio-de-Janeyroda iki helikopter toqquşdu: 6 nəfər öldü

Braziliyanın Rio-de-Janeyro şəhərində iki helikopterin havada toqquşması nəticəsində 6 nəfər həlak olub. Helikopterlərdən biri elektrik avtomobillərinin saxlandığı əraziyə düşüb və yanğın baş verib.

15

Braziliyanın Rio-de-Janeyro şəhərində iki helikopterin toqquşması ağır faciə ilə nəticələnib.

MSNews.az xəbər verir ki, hadisə bazar günü səhər saatlarında şəhərin qərb hissəsində yerləşən Rekreio dos Bandeirantes rayonunda baş verib. İlkin məlumata görə, iki helikopter havada toqquşduqdan sonra yerə çırpılıb.

Qəza nəticəsində helikopterlərdə olan 6 nəfərin hamısı həlak olub. Braziliya mediası ölənlərin hər iki hava gəmisinin heyətində və sərnişinləri arasında olduğunu bildirir.

Helikopterlərdən biri elektrik avtomobillərinin saxlandığı əraziyə düşüb. “Livemint” AFP-yə istinadən yazır ki, yanğın nəticəsində təxminən 20 avtomobil alova bürünüb.

Yerli mənbələrin məlumatına görə, ərazi Çin istehsalçısı BYD-yə məxsus elektrik avtomobillərinin saxlanması üçün istifadə olunub. Yanğın zamanı avtomobillərin batareyaları səbəbindən əlavə partlayışların baş verdiyi bildirilir.

Folha de S.Paulo” yazır ki, Rio-de-Janeyro rəsmiləri helikopter pilotlarının təcrübəli olduğunu bildiriblər. Qəzanın ilkin versiyalarından biri hava gəmilərinin eyni istiqamətdə hərəkət edərkən toqquşmasıdır.

Hadisə yerinə çox sayda yanğınsöndürən və xilasedici cəlb olunub. Yanğın nəzarətə götürülsə də, ərazidə ciddi dağıntı yaranıb.

Qəzanın səbəbləri Braziliyanın aviasiya təhlükəsizliyi qurumları tərəfindən araşdırılır. Rəsmi istintaqın nəticələri açıqlanana qədər hadisənin dəqiq səbəbi barədə yekun fikir bildirilmir.