Keçmiş prezidentə 30 il həbs cəzası verildi

Seul məhkəməsi Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yolu KXDR üzərində dron uçuşları işi üzrə 30 il müddətinə azadlıqdan məhrum edib.

31

Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yol KXDR üzərində pilotsuz uçuş aparatları ilə bağlı iş üzrə 30 il müddətinə azadlıqdan məhrum edilib.

MSNews.az xəbər verir ki, “Associated Press”in məlumatına görə, Seul Mərkəzi Rayon Məhkəməsi Yun Sok Yolu və sabiq müdafiə naziri Kim Yon Hyunu 2024-cü ildə Pxenyan üzərində dron uçuşlarını təşkil etməkdə təqsirli bilib. Məhkəmə onların bu addımı KXDR-i hərbi cavaba təhrik etmək və Cənubi Koreyada hərbi vəziyyət elanına əsas yaratmaq məqsədilə atdıqları qənaətinə gəlib.

Yonhap” daha əvvəl məhkəmənin bu iş üzrə hökm çıxaracağını yazmışdı. Yun Sok Yol “düşmənə fayda vermək” və səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinib.

İttihama əsasən, 2024-cü ilin oktyabrında hərbi dronların Pxenyan üzərinə göndərilməsi Koreya yarımadasında gərginliyi süni şəkildə artırmalı və həmin ilin dekabrında hərbi vəziyyətin tətbiqi üçün bəhanə yaratmalı idi. Şimali Koreya həmin vaxt Seulu Pxenyan üzərində təbliğat vərəqələri daşıyan dronlar uçurmaqda ittiham etmişdi.

“Associated Press” qeyd edir ki, Yun Sok Yol daha əvvəl 2024-cü ilin dekabrında hərbi vəziyyət elan etməsi ilə bağlı “qiyam” işi üzrə ömürlük həbs cəzasına məhkum olunub. Hərbi vəziyyət cəmi bir neçə saat qüvvədə qalıb və parlamentin qərarından sonra ləğv edilib. Həmin hökm üzrə apellyasiya prosesi davam edir.

Yun Sok Yolun vəkilləri isə dron uçuşlarının KXDR-in Cənubi Koreyaya qarşı təxribatlarına cavab olduğunu bildirərək ittihamları rədd edirlər. Onların son hökmdən apellyasiya verib-verməyəcəyi hələlik açıqlanmayıb.