Livanın cənubundakı tarixi Sur (Tir) şəhəri İsrail ordusunun yeni hava zərbələrinə məruz qalıb.
MSNews.az-ın “Reuters”ə istinadən məlumatına görə, İsrail ordusu iyunun 9-da Sur şəhərinə zərbə endirib. Livan Səhiyyə Nazirliyinin məlumatına əsasən, hücum nəticəsində azı 8 nəfər həlak olub.
Agentlik yazır ki, zərbə şəhərin şərq kənarına endirilib və bu, martın 2-dən başlayan İsrail–Hizbullah qarşıdurması dövründə Sur şəhərinə edilən ən ölümcül hücumlardan biri kimi qiymətləndirilir. Xilasetmə qrupları dağıntılar altında sağ qalanların axtarışını davam etdirir.
İsrail ordusu hücumdan əvvəl Sur şəhərinin bütün əhalisinə evakuasiya xəbərdarlığı edib. “AFP”nin məlumatına görə, xəbərdarlıq ilk dəfə şəhərin xristian məhəlləsini də əhatə edib. Əvvəlki zərbə xəbərdarlıqlarında bu ərazi əsasən kənarda saxlanılırdı.
“Reuters” qeyd edir ki, İsrail tərəfi Hizbullah üzvlərinin həmin ərazidə gizləndiyini iddia edib, lakin bu iddialarla bağlı sübut təqdim etməyib. Livan dövlət mediasının məlumatına görə, xəbərdarlıqdan sonra şəhər sakinləri ərazini tərk etməyə başlayıb, mülki müdafiə əməkdaşları isə yaşlı sakinlərin təhlükəsiz zonalara daşınmasına kömək edib.
“Doctors Without Borders” — “MSF” İsrailin evakuasiya xəbərdarlıqlarından narahatlığını bildirib. Təşkilat insanların təhlükəli və xaotik şəraitdə yer dəyişməyə məcbur qaldığını qeyd edib və təhlükəsizlik səbəbindən yaxınlıqdakı bir neçə xəstəxanada, eləcə də mobil klinikalarda fəaliyyətini gün ərzində dayandırdığını açıqlayıb.
Sur şəhəri Livanın ən qədim yaşayış məntəqələrindən biri hesab olunur və UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş tarixi ərazilərə malikdir. Daha əvvəl “CBS News” AFP-yə istinadən yazmışdı ki, İsrail bombardmanı nəticəsində şəhərdəki tarixi irs obyektlərinə də ziyan dəyib.
Bölgədə gərginlik ABŞ tərəfindən elan edilən atəşkəsə baxmayaraq davam edir. “Reuters”in məlumatına görə, atəşkəs döyüşləri dayandırmayıb və İsrail ordusu Livanın cənubunda yeni evakuasiya xəbərdarlıqları verməkdə davam edir.