Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xan cinsi xarakterli davranış iddiaları ilə bağlı intizam prosesi fonunda səlahiyyətlərinin icrasından dayandırılıb.
MSNews.az xəbər verir ki, Beynəlxalq Cinayət Məhkəməsinin yaydığı məlumata görə, qərar Roma Statutunun iştirakçısı olan dövlətlərin Assambleyasının Bürosu tərəfindən qəbul edilib. Büro intizam araşdırmasının nəticələrini yekun qərar üçün Assambleyanın müzakirəsinə təqdim edib.
“Reuters”in məlumatına görə, Büro Kərim Xanın səlahiyyətlərinin icrasından dayandırılmasına qərar verib və onun vəzifədən azad olunması məsələsini 125 üzv dövlətdən ibarət Assambleyanın xüsusi iclasına göndərib. Agentlik qeyd edir ki, məsələ ilə bağlı yekun qərar hələ qəbul edilməyib.
“Associated Press” yazır ki, intizam prosesi BMT-nin Daxili Nəzarət Xidməti — OIOS tərəfindən aparılmış araşdırmadan sonra gündəmə gəlib. İddialar BCM əməkdaşı olan qadın köməkçi ilə bağlıdır. Xan isə bütün ittihamları rədd edir.
“The Guardian”ın məlumatına görə, ittihamlar ilk dəfə 2024-cü ildə ictimailəşib. Xan özünü günahsız sayır və heç kimi təqib etmədiyini, pis rəftar göstərmədiyini və səlahiyyətindən sui-istifadə etmədiyini bildirib.
Büro bildirib ki, səlahiyyətlərin dayandırılması Kərim Xanın davranışı ilə bağlı yekun hüquqi qərar anlamına gəlmir. “The Guardian”ın məlumatına görə, qərar BMT araşdırmasının nəticələri, ekspert-hüquqşünasların rəyləri, həmçinin Xanın və iddiaçı tərəfin təqdimatları əsasında qəbul edilib.
Kərim Xanın vəzifədən tam uzaqlaşdırılması üçün Roma Statutuna üzv dövlətlərin xüsusi sessiyasında səsvermə keçirilməlidir. Hələlik həmin sessiyanın tarixi açıqlanmayıb.
Kərim Xan 2021-ci ildən Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru vəzifəsini icra edir. O, Rusiya Prezidenti Vladimir Putin barəsində Ukrayna müharibəsi kontekstində həbs orderinin çıxarılması, həmçinin İsrailin Baş naziri Benyamin Netanyahu və digər şəxslərlə bağlı müraciətlərə görə beynəlxalq gündəmdə geniş tanınıb.
“Reuters” qeyd edir ki, Kərim Xan 2025-ci ilin mayında araşdırma aparıldığı müddətdə öz səlahiyyətlərinin icrasından könüllü şəkildə kənara çəkilmişdi. Hazırkı qərar isə onun formal olaraq dayandırılması və işin Assambleyaya göndərilməsi deməkdir.
Bu hadisə Beynəlxalq Cinayət Məhkəməsinin onsuz da siyasi təzyiqlər və yüksəkprofİlli işlər fonunda diqqət mərkəzində olduğu bir dövrdə baş verib. Hüquq ekspertləri hesab edirlər ki, proses həm BCM-in daxili etibarlılığı, həm də beynəlxalq cinayət ədaləti sisteminin nüfuzu baxımından ciddi sınaq olacaq.