“Barselona”nın və İspaniya millisinin futbolçusu Lamin Yamal oyunlara niyə əli sarğılı çıxdığını açıqlayıb.
MSNews.az xəbər verir ki, “Cadena SER”in məlumatına görə, Yamal bu barədə öz “YouTube” kanalında azarkeşlərin suallarını cavablandırarkən danışıb. Futbolçu bildirib ki, hadisə “PlayStation” oynadığı vaxt baş verib.
Yamalın sözlərinə görə, o, oyun zamanı televizora zərbə vurub və barmaqları ciddi şəkildə şişib. Bundan sonra əlini sarımalı olub. Lakin sonradan sarğının ona yaraşdığını düşünüb və bunu davam etdirməyə qərar verib.
“PlayStation oynayarkən televizora vurdum və barmaqlarım çox şişdi. Sonra əlimi sardım və sarğı mənə yaxşı yaraşdı, sanki Karim Benzema kimi idi. Biz ‘KB9’ deyə zarafat etdik və mən də onu saxladım”, – deyə Yamal bildirib.
Karim Benzema uzun illər oyunlara əli sarğılı çıxması ilə tanınıb. Yamalın bu detalı zarafatla “KB9” üslubuna bağlaması sosial şəbəkələrdə futbol azarkeşləri arasında müzakirə yaradıb.