“Real Madrid”də prezident və Direktorlar Şurası seçkilərində səsvermə başa çatıb və səslərin hesablanması prosesinə başlanılıb.
MSNews.az xəbər verir ki, “Real Madrid”in rəsmi məlumatına görə, səsvermə iyunun 7-də Madrid vaxtı ilə saat 09:00-dan 20:00-dək “Ciudad Real Madrid”dəki basketbol pavilyonunda keçirilib. Klubun seçki prosesində Florentino Peres və Enrike Rikelme prezidentlik uğrunda mübarizə aparıblar.
“Real Madrid”in saat 17:00-a olan məlumatına görə, həmin vaxta qədər 23593 klub üzvü səsvermədə iştirak edib və fəallıq 31,37% təşkil edib.
İspaniyanın “AS” nəşri yazır ki, seçki məntəqələri bağlandıqdan sonra səslərin sayılması başlayıb və prezidentin rəsmi olaraq gecə saatlarında elan olunacağı gözlənilir. Nəşrin məlumatına görə, gün ərzində Valdebebasda yüksək fəallıq müşahidə olunub.
İlkin “exit-poll” məlumatlarında Florentino Peresin ciddi üstünlük qazandığı bildirilir. “Managing Madrid” İspaniya mediasına istinadən yazıb ki, Peres təxminən 65% səslə öndədir. Bununla belə, bu rəqəm hələ rəsmi nəticə deyil və poçtla göndərilən səslər də daxil olmaqla yekun sayımdan sonra təsdiqlənməlidir.
Seçki kampaniyasının əsas mövzularından biri Joze Mourinyonun “Real Madrid”ə mümkün qayıdışı olub. Peres seçkilərdə qalib gələcəyi təqdirdə Mourinyonu yenidən baş məşqçi postuna gətirəcəyini bildirib.