Everestdə rekord sıxlıq: bir gündə 274 nəfər zirvəyə qalxdı

Everestdə bu mövsüm rekord sıxlıq qeydə alınıb. Nepal tərəfdən bir gündə 274 alpinist zirvəyə çatıb, ölkə isə mövsüm ərzində Everest üçün 494 dırmaşma icazəsi verib.

15

Everestdə bu mövsüm rekord sıxlıq qeydə alınıb: Nepal tərəfdən bir gündə 274 alpinist dünyanın ən hündür zirvəsinə qalxıb.

MSNews.az xəbər verir ki, “Reuters”in məlumatına görə, mayın 20-də 274 nəfər Everestin Nepal marşrutu ilə zirvəyə çatıb. Bu, Everestin Nepal tərəfi üzrə indiyədək qeydə alınmış ən yüksək birgünlük göstəricidir. Əvvəlki rekord 2019-cu ildə 223 nəfər olmuşdu.

Sosial şəbəkələrdə yayılan görüntülərdə alpinistlərin zirvəyə son yürüş zamanı uzun sıxlıq yaratdığı görünür. Bunun əsas səbəbi Everestdə zirvəyə çıxış üçün təhlükəsiz sayılan “hava pəncərəsi”nin çox qısa olmasıdır. Alpinistlər həftələrlə güclü külək və kəskin soyuğun azalmasını gözləyir, uyğun hava şəraiti yaranan kimi isə yüzlərlə insan eyni marşruta yönəlir.

The Guardian” yazır ki, bu mövsümdə zirvə yürüşünün gecikməsinə standart marşrut üzərində təhlükəli buz kütləsi də təsir edib. Nəticədə fərqli ekspedisiyaların planları eyni tarixlərə düşüb və “ölüm zonası” adlandırılan 8 min metrdən yuxarı sahələrdə sıxlıqla bağlı narahatlıqlar artıb.

Nepal bu mövsüm Everest üçün rekord sayda icazə verib. “The Rising Nepal”in Nepal Turizm Departamentinə istinadən yaydığı məlumata görə, 2026-cı ilin yaz mövsümündə 55 ölkədən 494 alpinist Everestə qalxmaq üçün icazə alıb. Ən çox icazə Çin, ABŞ, Hindistan və Böyük Britaniya vətəndaşlarına verilib.

Nepal Turizm Departamentinin rəsmi tariflərinə əsasən, Everestin normal marşrutu üzrə yaz mövsümündə xarici alpinistlər üçün dırmaşma icazəsinin qiyməti 15 min ABŞ dollarıdır. “Nepal Turizm Departamenti”nin cədvəlində bu məbləğ 2025-ci il sentyabrın 1-dən qüvvəyə minən tarif kimi göstərilib. Tam kommersiya ekspedisiyalarının qiyməti isə operator, bələdçi, oksigen və xidmət səviyyəsindən asılı olaraq bundan xeyli yüksək olur.

Everestdə sıxlıq təhlükəsizlik baxımından əsas risklərdən biri sayılır. 8 min metrdən yuxarı hündürlükdə oksigen səviyyəsi kəskin azalır və alpinistlər uzun müddət növbədə qaldıqda donvurma, tükənmə, hipoksiya və oksigen balonlarının vaxtından əvvəl bitməsi riski artır. Bu səbəbdən həmin zona alpinistlər arasında “ölüm zonası” kimi tanınır.

Associated Press”in məlumatına görə, Everestə rekord sayda — 32 dəfə qalxan Kami Rita Şerpa Nepal hakimiyyətini alpinistlərin sayına limit tətbiq etməyə çağırıb. O, yaxşı hava günlərinin məhdud olduğunu və eyni vaxtda çox sayda insanın zirvəyə yönəlməsinin riskləri artırdığını bildirib.

Bu mövsüm Everestdə ölüm halları da qeydə alınıb. “Reuters”in məlumatına görə, 2026-cı il mövsümündə Everestdə 494 icazə verilib, 1000-dən çox alpinist və bələdçi zirvə yürüşlərinə qatılıb, azı 5 ölüm hadisəsi qeydə alınıb. Daha bir şerpa isə bir həftəyə yaxın itkin düşdükdən sonra sağ tapılıb.

“The Himalayan Database” Everest ekspedisiyaları üzrə ən geniş arxivlərdən biri hesab olunur. Alpinizm üzrə ixtisaslaşmış “Alan Arnette” portalının bu bazaya əsaslanan məlumatına görə, 2025-ci ilin sonunadək Everestdə ümumilikdə 339 ölüm qeydə alınıb. 2026-cı il mövsümündəki yeni ölümlərlə bu rəqəm artıq 340-dan yuxarı qiymətləndirilir.

Everest Nepal iqtisadiyyatı üçün mühüm gəlir mənbəyi olsa da, rekord sıxlıq bu marşrutun təhlükəsizliyi və davamlı idarə olunması ilə bağlı mübahisələri yenidən gündəmə gətirib. Ekspertlər hesab edirlər ki, permit sayına limit, daha sərt təcrübə tələbləri və ekspedisiya operatorlarının məsuliyyətinin artırılması gələcək mövsümlərdə əsas müzakirə mövzularından biri olacaq.