Avropa İttifaqı Ermənistana 50 milyon avrodan çox dəstək ayırır

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığından sonra Aİ-nin Ermənistana 50 milyon avrodan çox dəstək paketi hazırladığını açıqlayıb.

19

Avropa İttifaqı Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi məhdudiyyətlər fonunda Yerevana 50 milyon avrodan çox iqtisadi dəstək paketi hazırlayır.

MSNews.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığından sonra açıqlama verib. Avropa Komissiyasının məlumatına görə, tərəflər Rusiyanın Ermənistan məhsullarına qarşı son məhdudlaşdırıcı addımlarını və Ermənistan iqtisadiyyatının davamlılığının gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Fon der Lyayen Rusiyanın addımlarını “iqtisadi məcburetmə” kimi qiymətləndirib və bunun qəbuledilməz olduğunu bildirib. O qeyd edib ki, Aİ Ermənistan üçün 50 milyon avrodan çox təcili maliyyə yardımı da daxil olmaqla dəstək paketi hazırlayır.

Ermənistan hökumətinin rəsmi saytında yayılan məlumata əsasən, telefon danışığı zamanı Aİ-nin Ermənistan məhsulları üçün ixrac imkanlarının genişləndirilməsi və ticarətin asanlaşdırılması istiqamətində əlavə tədbirlər görəcəyi bildirilib. Ermənistan baş nazirinin ofisinin məlumatına görə, tərəflər Ermənistan-Aİ birgə işçi qrupunun yaradılması barədə də razılığa gəliblər.

Paşinyan daha sonra jurnalistlərə açıqlamasında bildirib ki, Ursula fon der Lyayen ona Ermənistan kənd təsərrüfatı məhsullarının Avropa İttifaqı bazarına gömrük rüsumu olmadan çıxarılması imkanının yaradılacağını deyib. “Armenpress”in yazdığına görə, Paşinyan bunu Ermənistan üçün yeni ixrac istiqaməti kimi təqdim edib və Aİ üzvü olan bütün ölkələrin Ermənistan məhsulları üçün potensial bazara çevrildiyini bildirib.

Reuters” agentliyi yazır ki, Aİ-nin bu addımı Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi ticarət məhdudiyyətlərindən sonra gündəmə gəlib. Agentliyin məlumatına görə, Brüssel Moskvanın bu addımlarını Ermənistana siyasi təzyiq vasitəsi kimi qiymətləndirir.

Dəstək paketinə maliyyə yardımı ilə yanaşı, zərər çəkmiş sektorlar üçün praktiki dəstək də daxildir. İlk mərhələdə Ermənistandan Latviyaya 10 min gülün göndərilməsinin planlaşdırıldığı bildirilib.

Paşinyan Avrasiya İqtisadi İttifaqı ilə bağlı da danışaraq Ermənistan iqtisadiyyatının məhdud sayda bazardan asılı olmamalı olduğunu vurğulayıb. O, ölkənin ixrac istiqamətlərinin şaxələndirilməsinin vacibliyini qeyd edib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.