Tramp Putin və Zelenskinin görüşünü dəstəklədi

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Vladimir Putinə açıq məktubla birbaşa görüş təklif etməsini müsbət qarşıladığını bildirib. Kreml isə məktubun Putin barədə məlumatlandırıldığını açıqlayıb.

16

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında mümkün birbaşa görüş ideyasını dəstəkləyib.

MSNews.az xəbər verir ki, “Anadolu Agentliyi”nin məlumatına görə, Tramp jurnalistlərə açıqlamasında tərəflərin mümkün görüş barədə danışmasını müsbət qiymətləndirib. O bildirib ki, Putin və Zelenskinin birbaşa görüşməsi “çox yaxşı olardı” və tərəflər müharibəni bitirmək üçün addım atmalıdırlar.

Trampın açıqlaması Zelenskinin Putinə ünvanladığı açıq məktubdan sonra səslənib. “The Guardian”ın dərc etdiyi məktubda Zelenski Rusiya liderinə birbaşa müraciət edərək müharibənin dayandırılması üçün üz-üzə görüş təklif edib. Ukrayna Prezidenti danışıqlar zamanı tam atəşkəs, əsirlərin dəyişdirilməsi, mülki şəxslərin və uşaqların geri qaytarılması kimi məsələlərin müzakirə oluna biləcəyini bildirib.

Zelenski məktubunda Ukraynanın sülhə hazır olduğunu, lakin bunun ədalətli və təhlükəsizlik təminatları ilə müşayiət olunan şərtlər əsasında mümkün ola biləcəyini vurğulayıb. O, görüşün neytral məkanda keçirilməsini və danışıqlarda Avropa ilə ABŞ-ın təminatçı kimi iştirakını da mümkün variant kimi göstərib.

Reuters”in məlumatına görə, Kreml sözçüsü Dmitri Peskov Putinin Zelenskinin məktubu barədə məlumatlandırıldığını təsdiqləyib. Peskov məktubun rəsmi kanallarla daxil olmadığını, lakin Kreml tərəfindən görüldüyünü bildirib. O, Putinin bu məsələyə Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində münasibət bildirə biləcəyini istisna etməyib.

Bununla belə, Moskvanın mövqeyi hələlik ehtiyatlı qalır. “Reuters” yazır ki, Rusiya daxilində bəzi millətçi dairələr Zelenskinin məktubunu sülh təşəbbüsü kimi deyil, Moskva daxilində narazılığı artırmağa yönəlmiş siyasi addım kimi təqdim ediblər.

Tramp isə tərəflərin güzəştə getməli olduğunu bildirib. “Anadolu Agentliyi”nin məlumatına görə, ABŞ Prezidenti Vaşinqtonun diplomatik prosesdə rol oynadığını və hər iki tərəfin müharibəni dayandırmaq üçün kompromislərə getməsinin vacib olduğunu deyib.

The Guardian” qeyd edir ki, Tramp Zelenski və Putinin görüşünü müsbət qarşılasa da, mümkün kompromislərin nədən ibarət ola biləcəyini dəqiqləşdirməyib.