İranın Məşhəd şəhərini çəyirtkə sürüləri bürüdü

İranın Məşhəd şəhəri və ətraf ərazilərində çəyirtkə sürüləri müşahidə olunur. Yerli kənd təsərrüfatı qurumları həşəratların insan üçün təhlükəli olmadığını, lakin əkin sahələri və yaşıllıqlar üçün risk yaratdığını bildirirlər.

27

İranın Məşhəd şəhəri və ətraf əraziləri son günlər çəyirtkə sürülərinin hücumuna məruz qalıb.

MSNews.az xəbər verir ki, “Mehr” agentliyi bir neçə gündür Məşhəddə çəyirtkələrin geniş şəkildə müşahidə olunduğunu və bununla bağlı görüntülərin yayıldığını bildirib.

Məşhəd Kənd Təsərrüfatı Cihadı İdarəsinin rəhbəri Məhəmmədrza Abbaspur “Mehr”ə açıqlamasında bildirib ki, şəhərdə müşahidə edilən həşəratlar Mərakeş çəyirtkələridir. Onun sözlərinə görə, bu çəyirtkələr insanları dişləmir və insanlara xəstəlik keçirmir.

Abbaspur bildirib ki, çəyirtkələr hazırda həyat dövrlərinin son mərhələsindədir və görülən tədbirlər nəticəsində onların 10-14 gün ərzində şəhər ərazisindən tamamilə çəkiləcəyi gözlənilir. Bununla belə, o, çəyirtkələrin kənd təsərrüfatı üçün ciddi zərərverici hesab olunduğunu və əkin sahələri, bağlar, yaşıllıqlar üçün risk yarada biləcəyini qeyd edib.

Rəsminin sözlərinə görə, bu il Məşhədin bəzi ərazilərində çəyirtkə populyasiyasının kəskin artmasına bir neçə amil təsir edib. Qışın sərt və uzun keçməməsi, yaz aylarında yağıntıların əlverişli olması və temperatur şəraitinin uyğunluğu həşəratların çoxalması üçün münbit mühit yaradıb.

Məlumata görə, əsas ocaqlar Məşhədin cənub yamaclarında, Binalud dağ silsiləsi istiqamətində və şəhər ətrafı kəndlərdə formalaşıb. Rəsmilər bildirirlər ki, çəyirtkələr uçma mərhələsinə çatdıqdan sonra işığa cəlb olunur, həmçinin ətraf otlaq və yüksəkliklərdə bitki örtüyü quruduqca daha yaşıl ərazilərə və şəhər istiqamətinə hərəkət edirlər.

Məşhəd Kənd Təsərrüfatı Cihadı İdarəsi zərərvericiyə qarşı mübarizənin erkən mərhələdən başladığını açıqlayıb. Abbaspurun sözlərinə görə, monitorinq işləri 2025-ci ilin oktyabrından aparılıb, aprelin əvvəlindən isə əsas ocaqlarda mübarizə tədbirləri gücləndirilib. İndiyədək təxminən 7 min hektar ərazidə mübarizə aparılıb və 1700 litrədək preparatdan istifadə olunub.

Rəsmilər bildirirlər ki, əsas məqsəd çəyirtkələrin tam “kökünü kəsmək” deyil, onların kütləvi yayılmasını nəzarətə almaq və kənd təsərrüfatına, bağlara və şəhər yaşıllıqlarına dəyəcək zərərin qarşısını almaqdır. Çünki bu cür zərərvericilərin tam məhv edilməsi mümkün deyil, effektiv yanaşma populyasiyanın idarə olunması və ziyan riskinin azaldılmasıdır.

Hazırda aidiyyəti qurumlar Məşhəd və ətraf kəndlərdə monitorinq, dərmanlama və lokal mübarizə tədbirlərini davam etdirirlər. Yerli sakinlərə isə çəyirtkələrin insan sağlamlığı üçün təhlükə yaratmadığı, lakin yaşıllıq və əkin sahələri ilə bağlı risklərə görə vəziyyətin nəzarətdə saxlanıldığı bildirilir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.