Paşinyan Rusiyaya satılmayan məhsullara görə fermerlərə kompensasiya vəd etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər səbəbindən məhsullarını ixrac edə bilməyən fermerlərə dövlət dəstəyi göstəriləcəyini bildirib. O, alternativ bazarlar, o cümlədən Avropa istiqamətinin nəzərdən keçirildiyini açıqlayıb.

22

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər səbəbindən məhsullarını ixrac edə bilməyən fermerlərə dövlət tərəfindən kompensasiya ödəniləcəyini bəyan edib.

MSNews.az xəbər verir ki, “1news.az”ın məlumatına görə, Paşinyan seçkiqabağı görüşlərdən birində bildirib ki, xarici bazarlara məhsul tədarükündə “ədalətsiz maneələr” yaranarsa, hökumət fermerlərin zərərini kompensasiya etmək üçün subsidiya mexanizmlərindən istifadə edəcək.

Baş nazir vurğulayıb ki, Ermənistan kənd təsərrüfatı məhsullarının yalnız bir bazardan asılı qalması ölkə üçün ciddi risk yaradır. Onun sözlərinə görə, əgər istehsalçıların gəliri 90 faiz səviyyəsində bir istiqamətdən asılıdırsa, bu, istənilən anda siyasi və iqtisadi təzyiq alətinə çevrilə bilər.

Paşinyan çıxışında konkret nümunə kimi bibər istehsalçılarını göstərib. “MK”nın məlumatına görə, Ermənistan hökumətinin başçısı bildirib:

“Bibəriniz xarab olacaq? Mən onun pulunu ödəyəcəyəm, hökumət ödəyəcək. Amma nəticədə Ermənistanda həm bibər istehsalı, həm də ixrac artacaq”.

Paşinyan əlavə edib ki, hökumət yalnız kompensasiya ödəməklə kifayətlənməyəcək, həm də yeni satış bazarlarının tapılması üçün biznes nümayəndə heyətlərini xaricə göndərib. Onun sözlərinə görə, artıq qızılgül, meyvə və tərəvəz məhsullarının alınması ilə bağlı konkret təkliflər mövcuddur.

Paşinyan Ermənistan məhsullarının ilk partiyasının Rusiyadan kənar bazarlara göndərildiyini bildirib. O, “heç bir məhsulun qalmayacağını” deyərək, söhbətin Avropa İttifaqı və digər bazarlardan getdiyini vurğulayıb.

Baş nazir həmçinin bildirib ki, Ermənistanın kənd təsərrüfatı məhsullarının həcmi o qədər böyük deyil və buna görə Avropadakı orta ölçülü supermarket şəbəkələrindən biri belə bu məhsulların hamısını qəbul edə bilər. Bununla belə, həmin supermarket şəbəkəsinin adı açıqlanmayıb.

Məhdudiyyətlər Rusiya ilə Ermənistan arasında münasibətlərin gərginləşdiyi dövrdə tətbiq olunub. “Interfax”ın məlumatına görə, “Rosselxoznadzor” mayın 30-dan Ermənistandan Rusiyaya təzə pomidor, xiyar, bibər, göyərti və çiyələk idxalına müvəqqəti məhdudiyyət qoyub. Rusiya qurumu qərarı fitosanitar pozuntular, 2026-cı ildə 181 karantin halının aşkarlanması və məhsulların izlənmə sistemində problemlərlə izah edib.

The Moscow Times” yazır ki, Rusiya daha əvvəl Ermənistandan gül idxalına da məhdudiyyət tətbiq edib, həmçinin bəzi erməni spirtli içkiləri və mineral su markaları ilə bağlı addımlar atılıb. Nəşr bu qərarları İrəvanın Qərblə yaxınlaşması fonunda Moskvanın təzyiq mexanizmlərindən biri kimi qiymətləndirir.

Rəsmi Moskva isə məhdudiyyətlərin siyasi deyil, təhlükəsizlik və fitosanitar xarakter daşıdığını bildirir. Ermənistan tərəfi isə bu addımların Aİİ daxilində mənfi rəy yaratdığını və Ermənistan cəmiyyətində Rusiyaya münasibəti daha da gərginləşdirə biləcəyini vurğulayır.

Reuters”in məlumatına görə, Moskva bundan əvvəl Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması davam edərsə, güzəştli enerji və xammal tədarükü ilə bağlı razılaşmalara yenidən baxa biləcəyi barədə də xəbərdarlıq edib. Bu isə Rusiya-Ermənistan münasibətlərində iqtisadi təzyiq elementlərinin artdığına dair müzakirələri gücləndirib.

Paşinyan isə çıxışında ölkəsinin alternativ bazarlara çıxışını strateji seçim kimi təqdim edib. Onun sözlərinə görə, Ermənistan yeni dövlət və yeni iqtisadi model qurmaq mərhələsindədir. Baş nazir bildirib ki, qısa müddətdə fermerlər zərər görə bilər, lakin uzunmüddətli perspektivdə ixrac coğrafiyasının genişlənməsi ölkənin iqtisadi asılılığını azaldacaq.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930