Rusiyada Vladimir Putinin yaratdığı hakimiyyət sistemi Ukraynaya qarşı uzanan müharibə, iqtisadi təzyiqlər və elita daxilində artan qeyri-müəyyənlik fonunda daha kövrək mərhələyə daxil olur.
MSNews.az xəbər verir ki, müstəqil araşdırma nəşri “Vajnıye istorii” və Almaniyanın “CORRECTIV” araşdırma mərkəzi Rusiya hakimiyyəti daxilində formalaşmış əsas klanlar, onların liderləri və nəzarət etdikləri resurslar barədə geniş araşdırma dərc edib. Araşdırmada bildirilir ki, bu qruplar müharibə, iqtisadi problemlər və Putinin gələcək siyasi rolu ilə bağlı qeyri-müəyyənlik fonunda artıq indidən təsir, maliyyə axınları və güc strukturları üzərində mövqelərini möhkəmləndirməyə çalışırlar.
Araşdırmaya görə, Rusiya hakimiyyət sistemi klassik demokratik institutlar üzərində deyil, daha çox qeyri-formal qaydalar, şəxsi sədaqət, təhlükəsizlik strukturları, pul axınları və Putinə birbaşa yaxınlıq prinsipi üzərində qurulub. Putin uzun illər bu qruplar arasında əsas arbitr rolunu oynayıb, onların maraqlarını balanslaşdırıb və heç bir klanın həddindən artıq güclənməsinə imkan verməyib. Lakin müharibənin yaratdığı təzyiq artdıqca və Putinin şəxsi nüfuzu sual altına düşdükcə, bu balansın zəiflədiyi iddia olunur.
“The Economist” son təhlillərindən birində Rusiyanın cəbhədə böyük itkilər verdiyini, lakin ciddi strateji irəliləyiş əldə etmədiyini yazıb. Nəşrə danışan britaniyalı hərbi ekspert Ser Lourens Fridman hazırkı mərhələni müharibədə mümkün dönüş nöqtəsi kimi qiymətləndirib. Eyni zamanda, Ukraynanın Rusiya ərazisinin dərinliklərinə endirdiyi dron zərbələrinin daha təsirli və dağıdıcı xarakter aldığı qeyd olunur.
İqtisadi fon da Kremlin daxilindəki gərginliyi artıran əsas amillərdən biri kimi göstərilir. “Reuters”in məlumatına görə, Rusiyada regional büdcə kəsirləri artır, yüksək faiz dərəcələri biznes üçün ciddi təzyiq yaradır, inflyasiya isə əhalinin gündəlik xərclərini yüksəldir. Son aylarda müxtəlif regionlarda mobil rabitə və internet məhdudiyyətləri də ictimai narazılığı artıran əlavə amillərdən biri kimi göstərilir.
“Vajnıye istorii”nin araşdırmasında iddia olunur ki, Rusiya təhlükəsizlik elitası daxilində də qarşılıqlı ittihamlar güclənir. Müharibədəki uğursuzluqlar, Ukrayna dronlarının Rusiya daxilində daha dərin hədəflərə çatması və müdafiə sistemindəki boşluqlar müxtəlif güc strukturları arasında narazılıqları artırıb.
Araşdırmada xüsusi diqqət Putinin 9 May Qələbə Paradı ərəfəsində Donald Trampdan Volodimir Zelenskini həmin gün Moskvaya zərbə endirməməyə inandırmasını xahiş etməsi iddiasına yönəldilir. Məqalədə bu epizod Kremlin qələbə ritorikası ilə real təhlükəsizlik narahatlıqları arasındakı ziddiyyətin göstəricisi kimi təqdim olunur. Bu məlumat rəsmi Moskva tərəfindən təsdiqlənmədiyi üçün fakt kimi yox, araşdırmada irəli sürülən iddia kimi qiymətləndirilməlidir.
Araşdırmanın əsas tezisinə görə, Putin özünün yaratdığı sistemin tələsinə düşüb. Hakimiyyət demokratik institutlara deyil, bir-biri ilə rəqabət aparan və “çar”a şəxsi sədaqət prinsipi ilə çalışan klanlara söykənir. Bu klanlar pul, təhlükəsizlik strukturları, siyasi təsir, media resursları, dövlət sifarişləri və şəxsi münasibətlər üzərindən formalaşıb. Putin güclü olduğu dövrdə bu sistemi idarə edə bilirdi. Lakin müharibə uzandıqca, sistem daxilində gələcək varislik və resurs bölgüsü məsələləri daha aktual görünür.
Araşdırmada ilk böyük qrup kimi “Putinin mühafizəçiləri” adlandırılan çevrə göstərilir. Bu qrupa Rosqvardiyanın rəhbəri Viktor Zolotov, Dövlət Şurası və müdafiə-sənaye sahəsində mühüm postlara gətirilmiş Aleksey Dyumin, Prezident Administrasiyasında kadr siyasəti ilə bağlı təsirli mövqeyə malik Dmitri Mironov, Prezident Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksey Rubejnoy, Federal Mühafizə Xidmətinin direktoru Dmitri Koçnev və Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov daxil edilir.
Viktor Zolotov Putinin ən köhnə və ən sadiq təhlükəsizlik fiqurlarından biri hesab olunur. O, 1990-cı illərdə Sankt-Peterburqda Putinin mühafizəsi ilə məşğul olub, daha sonra Prezident Təhlükəsizlik Xidmətinə rəhbərlik edib. 2016-cı ildə daxili qoşunlar əsasında yaradılan Rosqvardiyanın rəhbəri təyin olunub. Araşdırmada qeyd olunur ki, Rosqvardiyanın 350 min nəfərlik şəxsi heyətə malik olması və 2023-cü ildə ağır texnika ilə gücləndirilməsi Zolotovu mümkün daxili böhran ssenarilərində Putinin əsas dayaqlarından birinə çevirir.
Aleksey Dyumin isə Putinin ən çox müzakirə olunan mümkün varis fiqurlarından biri kimi təqdim edilir. O, uzun illər Prezident Təhlükəsizlik Xidmətində çalışıb, daha sonra GRU rəhbərliyində və Xüsusi Əməliyyat Qüvvələrində mühüm vəzifələr tutub. Krımın işğalı əməliyyatında roluna görə yüksək mükafat aldığı bildirilir. 2016-cı ildə Tula vilayətinin qubernatoru təyin edilən Dyumin 2024-cü ildə Moskvaya qaytarılıb və müdafiə-sənaye kompleksi ilə bağlı prezident köməkçisi, həmçinin Dövlət Şurasının katibi vəzifəsinə gətirilib.
Dmitri Mironov da keçmiş prezident mühafizəçisi kimi sistemdə yüksələn fiqurlardandır. O, Yaroslavl vilayətinə rəhbərlik etdikdən sonra Prezident Administrasiyasında hüquq-mühafizə orqanlarında kadr siyasətinə nəzarət edən komissiyanın rəhbəri olub. Araşdırmada bu vəzifə ona ölkənin əsas güc strukturlarında kadr dosyelərinə çıxış imkanı verdiyi üçün strateji əhəmiyyətli post kimi təqdim olunur.
Aleksey Rubejnoyun adı isə Prezident Təhlükəsizlik Xidmətinin iqtisadi təsir aləti kimi güclənməsi kontekstində çəkilir. Araşdırmada bildirilir ki, Rubejnoy və onunla əlaqəli çevrələr strateji aktivlər, mərc bazarı, lotereya biznesi və son illərdə özəlləşdirilmiş aktivlərin dövlət nəzarətinə keçirilməsi proseslərində təsir imkanları qazanıblar. Bu iddialar rəsmi təsdiqini tapmadığı üçün araşdırma məlumatı kimi təqdim olunur.
Dmitri Koçnev Federal Mühafizə Xidmətinin direktoru kimi Putinin ən yaxın təhlükəsizlik çevrəsinin ən qapalı fiqurlarından biri sayılır. FSO formal olaraq yüksək vəzifəli şəxslərin mühafizəsi, hökumət rabitəsi və strateji obyektlərin qorunması ilə məşğul olsa da, araşdırmada bu qurumun böyük maliyyə, texniki və operativ imkanlara malik ayrıca təsir mərkəzinə çevrildiyi bildirilir.
Aleksandr Kurenkov isə Putinin keçmiş adyutantlarından biri kimi Fövqəladə Hallar Nazirliyinə rəhbər gətirilib. Araşdırmada qeyd olunur ki, onun dövründə MCHS hərbi gündəliyə daha çox inteqrasiya olunur, mülki müdafiə sistemi və sığınacaqların bərpası üçün böyük vəsaitlər ayrılır.
İkinci mühüm blok “məsləhətçilər” və ideoloji-siyasi çevrədir. Bu qrupun əsas simaları Yuri Kovalçuk, onun qardaşı Mixail Kovalçuk, Sergey Kiriyenko, Boris Kovalçuk, Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov və Baş Prokurorluq xəttində adı çəkilən Aleksandr Qutsandır.
Yuri Kovalçuk araşdırmada Putinin “şəxsi bankiri” və əsas ideoloqlarından biri kimi təqdim olunur. Onun Bank Rossiya, SOGAZ və Milli Media Qrupu vasitəsilə böyük media və maliyyə təsirinə malik olduğu bildirilir. Milli Media Qrupunun Birinci Kanal, REN TV, “İzvestiya” və digər media resursları ilə əlaqəsi bu klanın informasiya siyasətindəki rolunu gücləndirir.
Mixail Kovalçuk isə Rusiya elmi-texnoloji gündəliyinin əsas ideoloqlarından biri kimi göstərilir. Kurçatov İnstitutuna rəhbərlik edən Kovalçukun “gələcəyin elmi”, Qərbdən gələn bioloji təhlükələr və “təbiətə bənzər texnologiyalar” kimi konsepsiyalarla Putinin dünyagörüşünə təsir etdiyi bildirilir. Müharibədən sonra onun Rusiya elminin Qərb institutlarından təcrid olunması və texnoloji səfərbərlik ideyalarının əsas daşıyıcılarından birinə çevrildiyi vurğulanır.
Sergey Kiriyenko isə Prezident Administrasiyasında daxili siyasətə nəzarət edən əsas fiqurlardan biridir. Araşdırmada onun Kovalçuk klanı ilə strateji ittifaqda olduğu, Kiriyenkonun administrativ və kadr resurslarını, Kovalçukların isə maliyyə və media dəstəyini təmin etdiyi bildirilir. Kiriyenkonun oğlu Vladimir Kiriyenkonun VK holdinqindəki rolu da Rusiyanın ən böyük sosial şəbəkə platformalarından birinin dövlət nəzarəti və propaganda alətinə çevrilməsi kontekstində təqdim olunur.
Boris Kovalçukun Hesablama Palatasına rəhbər təyin olunması isə Kovalçuk klanının dövlət maliyyə nəzarəti üzərində təsirini artıran addım kimi qiymətləndirilir. Araşdırmaya görə, bu post ona dövlət xərclərinə nəzarət, rəqib qrupların maliyyə intizamını yoxlama və potensial təzyiq imkanları yaradır.
Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov Kovalçuk klanının “baza regionu” sayılan şəhərdə böyük infrastruktur və investisiya layihələrinin operatoru kimi təqdim olunur. Aleksandr Qutsan isə prokurorluq sistemində bu çevrəyə yaxın fiqur kimi göstərilir. Araşdırmada onun Baş prokuror postuna gətirilməsinin Kovalçuk qrupuna hüquqi təzyiq və aktiv bölgüsü proseslərində əlavə imkanlar verdiyi iddia olunur.
Üçüncü blok Putinin keçmiş KQB çevrəsi ilə bağlıdır. Bu qrupa Sergey Çemezov, Nikolay Tokarev, Denis Manturov və Sergey Kulikov daxil edilir.
Sergey Çemezov Putinin Drezden dövründən tanıdığı ən nüfuzlu şəxslərdən biridir və “Rostex” dövlət korporasiyasına rəhbərlik edir. Müharibədən sonra müdafiə sifarişlərinin artması onun təsirini daha da gücləndirib. Araşdırmada “Rostex”in özəl aktivlərin dövlət nəzarətinə keçirilməsi və hərbi-sənaye kompleksinin genişlənməsi prosesində əsas alətlərdən birinə çevrildiyi qeyd olunur.
Nikolay Tokarev “Transneft”in rəhbəri kimi Rusiya neft ixracının əsas boru kəməri sisteminə nəzarət edən fiqur sayılır. Müharibədən və Qərb embarqolarından sonra neft axınlarının Qərbdən Şərqə yönləndirilməsi bu çevrənin əhəmiyyətini artırıb. Denis Manturov isə hökumətdə real sektor və müdafiə-sənaye kompleksinin əsas kuratorlarından biri kimi Çemezov xəttinə bağlı fiqur kimi göstərilir. Sergey Kulikovun rəhbərlik etdiyi “Rosnano”nun isə müharibə şəraitində yeni materiallar, mikroelektronika və hərbi texnologiyalar istiqamətində yenidən qurulduğu bildirilir.
Dördüncü blok “neftçilər”dir. Bu qrupun əsas siması “Rosneft” rəhbəri İqor Seçindir. Araşdırmada Seçin sərt idarəetmə üslubuna görə Rusiya elitasının ən güclü və təhlükəli oyunçularından biri kimi təqdim edilir. Onun təsir imkanları yalnız neft sektorundan yox, həm də FSB daxilində hərbi əks-kəşfiyyat və daxili təhlükəsizlik strukturları ilə əlaqələrdən qaynaqlanır.
Gennadi Timçenko isə neft və qaz ixracı, “kölgə donanması” və alternativ ixrac marşrutları kontekstində göstərilir. Araşdırmada onun 2022-ci ildən sonra Rusiya neftinin sanksiyalardan yayınaraq dünya bazarlarına çıxarılmasında rol oynayan paralel ixrac kanallarının memarlarından biri olduğu iddia edilir. Eduard Xudaynatov Seçinin etibarlı biznes tərəfdaşı, Aleksandr Novak isə enerji siyasətinin hökumət daxilində əsas icraçılarından biri kimi təqdim olunur.
Beşinci qrup Rotenberq ailəsi və onların ətrafında formalaşan infrastruktur- tikinti şəbəkəsidir. Arkadi Rotenberq Putinin uşaqlıq dostu və iri dövlət layihələrinin əsas benefisiarlarından biri kimi tanınır. Krım körpüsü onun imperiyasının əsas simvolu kimi göstərilir. Müharibədən sonra Rotenberq çevrəsinin milliləşdirilən aktivlərin yenidən bölüşdürülməsində mühüm rol qazandığı bildirilir.
İqor Rotenberq “Platon” sistemi, rəqəmsal yığımlar və “Gazprom Burenie” kimi layihələrlə əlaqələndirilir. Boris Rotenberq isə ailənin maliyyə bloku və idman layihələri üzrə əsas fiqurlarından biri kimi təqdim olunur. Rusiya Dəmir Yollarının rəhbəri Oleq Belozerov da Rotenberg maraqları ilə bağlı infrastruktur layihələrinin operatoru kimi göstərilir. Xüsusilə BAM və Transsibir magistralının genişləndirilməsi layihələri bu qrupun dövlət sifarişlərindən faydalanması kontekstində vurğulanır.
Altıncı blok hərbi rəhbərlikdir. Müdafiə naziri Andrey Belousov araşdırmada hərbi xərcləri iqtisadi artımın mühərrikinə çevirməyə çalışan “hərbi keynsçilik” konsepsiyasının əsas fiquru kimi təqdim olunur. Onun əsas missiyası müdafiə xərclərinə nəzarət, korrupsiya sxemlərinin təftişi və təhlükəsizlik blokunun maliyyə axınlarının mərkəzləşdirilməsi kimi göstərilir.
Baş Qərargah rəisi Valeri Gerasimov siyasi rəhbərliklə cəbhədə döyüşən ordu arasında əsas əlaqə həlqəsi olaraq qalır. O, həm də Rusiyada nüvə çantasına çıxışı olan azsaylı şəxslərdən biri kimi strateji əhəmiyyətə malikdir. GRU rəhbəri admiral İqor Kostyukov isə xaricdə sabotaj, kiberhücumlar və hibrid əməliyyatlar kontekstində təqdim olunur. Araşdırmada onun 2026-cı ildə Abu-Dabidə danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik etməsi siyasi çəkisinin artması kimi qiymətləndirilir.
Yeddinci blok “çekistlər”, yəni FSB və təhlükəsizlik aparatıdır. FSB direktoru Aleksandr Bortnikov 2008-ci ildən quruma rəhbərlik edir və rejimin daxili sabitliyinə cavabdeh əsas fiqurlardan biri sayılır. Lakin araşdırmada onun sağlamlıq problemləri səbəbindən təsirini qismən itirdiyi iddia olunur.
Sergey Korolyov FSB daxilində gündəlik idarəetməni faktiki həyata keçirən “boz kardinal” kimi təqdim edilir. Aleksey Sedov isə FSB-nin Konstitusiya quruluşunun müdafiəsi və terrorizmə qarşı mübarizə xidməti çərçivəsində siyasi müxalifətə, jurnalistlərə və fəallara qarşı repressiv xəttin əsas memarlarından biri kimi göstərilir. Araşdırmada onun xidmətinin Aleksey Navalnının zəhərlənməsi işi ilə əlaqələndirilən strukturlardan biri olduğu iddia olunur.
Nikolay Patruşev isə Təhlükəsizlik Şurasının keçmiş katibi kimi uzun illər Rusiyanın anti-Qərb xarici siyasət xəttinin ideoloqlarından biri olub. 2024-cü ildə daha zəif görünən prezident köməkçisi vəzifəsinə keçirilsə də, araşdırmada onun təhlükəsizlik sistemi daxilində öz kadr şəbəkəsini qoruduğu bildirilir.
Səkkizinci qrup “pravoslav” və ideoloji-millətçi çevrədir. Bu blokun əsas fiqurları Konstantin Malofeyev, İqor Şçeqolev və mitropolit Tixon kimi tanınan Georgi Şevkunovdur.
Konstantin Malofeyev “pravoslav oliqarx” kimi təqdim olunur. O, 2014-cü ildə Donbas və Krım hadisələri ilə əlaqəli ideoloji və maliyyə çevrələrindən biri kimi göstərilir. Müharibədən sonra onun könüllü batalyonlar və özəl silahlı dəstələrlə əlaqəli təsirinin artdığı iddia olunur.
İqor Şçeqolev keçmiş rabitə naziri və prezidentin Mərkəzi Federal Dairə üzrə nümayəndəsi kimi KQB kökləri, dövlət telekommunikasiya layihələri və Malofeyevlə əlaqələr kontekstində təqdim edilir. Mitropolit Tixon isə Putinin “ruhani müəllimi” və Qərblə qarşıdurma ideologiyasının dini-siyasi təbliğatçılarından biri kimi göstərilir. Araşdırmada onun Rusiya Pravoslav Kilsəsi daxilində gələcək patriarxlıq üçün potensial fiqur kimi müzakirə olunduğu qeyd edilir.
“OSW” Rusiya hakimiyyət sistemində Putinə sadiq təhlükəsizlik çevrələrinin və qeyri-formal klanların əsas rol oynadığını yazır. Mərkəzin təhlilinə görə, bu qrupların gücü yalnız formal vəzifələrdən yox, strateji aktivlərə, hüquq-mühafizə orqanlarına, administrativ resurslara və Putinə birbaşa çıxış imkanlarından qaynaqlanır.
“OCCRP”nin əvvəlki araşdırması da Putinin keçmiş mühafizəçilərinin şəxsi sədaqət müqabilində yüksək vəzifələr, torpaq, aktivlər və dövlət resurslarına çıxış qazandığını göstərirdi. Bu, “Vajnıye istorii”nin Rusiya sistemində mühafizəçi çevrəsinin yüksəlişi barədə gəldiyi nəticələrlə üst-üstə düşür.
Bununla belə, Putindən sonrakı hakimiyyət mübarizəsinin artıq açıq mərhələyə keçdiyini demək üçün hələlik rəsmi və tam təsdiqlənmiş əsas yoxdur. Mövcud məlumatlar daha çox qapalı hakimiyyət sistemi daxilində artan rəqabət, resursların qorunması, təhlükəsizlik strukturları üzərində nəzarət və mümkün varislik ssenariləri barədə araşdırma və analitik qiymətləndirmələrə əsaslanır.
Analitiklər hesab edirlər ki, Rusiyada hakimiyyətin şəxsi sədaqət, iqtisadi aktivlər və güc strukturları üzərində qurulması gələcəkdə sistem daxilində ciddi silkələnmələrə səbəb ola bilər. Müharibənin uzanması, sanksiyalar, iqtisadi zəifləmə və elit qruplar arasında resurs rəqabəti Kremlin daxili sabitliyi üçün əsas risklərdən biri kimi qalır.
Sadə rusiyalılar müharibənin bədəlini insan itkisi, yoxsulluq, səfərbərlik və sosial qeyri-müəyyənliklə ödədiyi halda, araşdırmaya görə, Kreml klanları artıq hakimiyyətin, dövlət aktivlərinin və təhlükəsizlik resurslarının gələcək bölgüsü uğrunda səssiz hazırlıq mərhələsinə keçiblər.