Zelenski Lukaşenkoya bir həftə vaxt verdi

Ukrayna Prezidenti Volodimir Zelenski Belarus lideri Aleksandr Lukaşenkodan sərhəd yaxınlığındakı siqnal ötürücü avadanlığı sökməyi tələb edib və əks halda Ukraynanın özü hərəkət edəcəyini bildirib.

21

Ukrayna Prezidenti Volodimir Zelenski Belarus lideri Aleksandr Lukaşenkoya sərt xəbərdarlıq edib.

MSNews.az xəbər verir ki, “Reuters” Zelenskinin Belarus ərazisində yerləşən və Rusiyanın Ukraynaya hücumlarında istifadə edildiyi bildirilən siqnal ötürücü avadanlığın sökülməsini tələb etdiyini yazır.

Zelenski bildirib ki, Ukrayna ilə sərhədə yaxın Belarus vilayətlərindəki qüllələrdə Rusiya və Belarus retranslyatorları yerləşdirilib. Onun sözlərinə görə, bu texnika Rusiyanın Ukrayna ərazisinə hücumlarını, o cümlədən mülki əhaliyə qarşı zərbələri korrektə etmək üçün istifadə olunur.

Ukrayna lideri qeyd edib ki, Belarus bu texnikanı sökə və ya söndürə bilər. Zelenskinin sözlərinə görə, əgər Lukaşenko həqiqətən müharibə istəmədiyini bildirirsə, o zaman həmin avadanlığın fəaliyyətini dayandırmalıdır.

Zelenski Lukaşenkoya bunun üçün bir həftənin kifayət edəcəyini bildirib. O vurğulayıb ki, hər gün bu sistemlər səbəbindən Ukraynada mülki insanlar həlak olur, uşaqlar yaralanır.

Zelenski xəbərdarlıq edib ki, Belarus tərəfi avadanlığı sökməsə, bunu Ukrayna edəcək. Bu açıqlama Kiyev və Minsk arasında onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirə bilər.

Belarus 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun başlanğıcında öz ərazisindən istifadə olunmasına icazə vermişdi. Minsk sonradan birbaşa müharibəyə qoşulmadığını bildirsə də, Kiyev Belarus ərazisinin Rusiya hərbi məqsədləri üçün istifadə olunduğunu bildirir.

Zelenski həmçinin Belarusdan Rusiya ordusuna yanacaq və digər dəstəyin dayandırılmasını tələb edib. Onun fikrincə, Lukaşenko müharibədən kənarda qalmaq istəyirsə, bunu yalnız bəyanatlarla deyil, konkret addımlarla sübut etməlidir.

Hazırda Minsk Zelenskinin bu ultimatumuna rəsmi cavab verməyib. Analitiklər hesab edirlər ki, məsələ Ukrayna-Belarus sərhədində yeni hərbi gərginlik riski yarada bilər.