Litvanın xarici işlər naziri Kestutis Budris NATO-nun Rusiyanın Kalininqrad vilayətində yaratdığı hərbi infrastruktura qarşı daha qətiyyətli çəkindirmə mövqeyi nümayiş etdirməli olduğunu bildirib.
Ukraynanın “Korrespondent” nəşrinin “Neue Zürcher Zeitung”a istinadən yazdığına görə, Budris NATO-nun Kalininqraddakı Rusiya hava hücumundan müdafiə və raket bazalarını zərurət yaranacağı halda sıradan çıxarmaq imkanına malik olduğunu deyib.
Nazirin sözlərinə görə, NATO Moskvaya Kalininqradın “kiçik qala” kimi toxunulmaz olmadığını göstərməlidir. Budris bildirib ki, Alyans Rusiyanın bu eksklavda yerləşdirdiyi hərbi imkanlara qarşı hərbi cavab potensialına malikdir. Bununla belə, onun açıqlaması Litva tərəfindən dərhal hərbi əməliyyata başlamaq çağırışı kimi deyil, NATO-nun çəkindirmə qabiliyyətinin gücləndirilməsi kontekstində təqdim olunur.
Budris eyni müsahibədə Litvanın özünün hava hücumundan müdafiə imkanlarının kifayət qədər güclü olmadığını da etiraf edib. O bildirib ki, Rusiya və Ukrayna dronları vaxtaşırı Litva hava məkanına daxil olur, Rusiya hərbi təyyarələri isə bəzən transponderləri söndürülmüş vəziyyətdə ölkə üzərindən keçir. Nazirə görə, belə hallar Litva cəmiyyətində ölkənin müdafiəsinə kifayət qədər investisiya qoyulub-qoyulmadığı ilə bağlı narahatlığı artırır.
Litva XİN rəhbəri NATO-nu hazırda tarixdə yaradılmış ən güclü təhlükəsizlik təşkilatı adlandırıb, lakin Alyansın əsas dayağının müttəfiqlər arasında etimad olduğunu vurğulayıb. O qeyd edib ki, əgər müttəfiqlər özləri NATO-nun 5-ci maddəsinə şübhə edərlərsə, rəqiblərin də bu öhdəliyə inanması çətinləşər.