İran və ABŞ ilkin siyasi anlaşmaya yaxınlaşıb

“Reuters”in məlumatına görə, İran və ABŞ münaqişənin dayandırılması ilə bağlı ilkin siyasi anlaşmaya yaxınlaşıb. Lakin Tehran nüvə məsələsinin hazırkı memorandumun tərkib hissəsi olmadığını bildirir.

18

İran və ABŞ arasında münaqişənin dayandırılması ilə bağlı ilkin siyasi anlaşma üzrə irəliləyiş əldə olunduğu bildirilir. Lakin razılaşma hələ tam rəsmiləşdirilməyib və tərəflər arasında bir sıra mühüm məsələlər üzrə fikir ayrılığı qalır.

Reuters”in məlumatına görə, ABŞ vitse-prezidenti Cey Di Vens Vaşinqtonun Tehranla anlaşmaya “hələ çatmadığını”, lakin tərəflərin razılaşmaya yaxın olduğunu bildirib. Onun sözlərinə görə, danışıqlarda əsas çətinliklər İranın zənginləşdirilmiş uran ehtiyatları və uranın zənginləşdirilməsi məsələsi ilə bağlıdır.

Agentlik yazır ki, ABŞ və İran atəşkəsin uzadılması və Hörmüz boğazı vasitəsilə gəmiçilik üzərində məhdudiyyətlərin aradan qaldırılması barədə razılığa gəlib. Lakin bu razılaşmanın qüvvəyə minməsi ABŞ prezidenti Donald Trampın yekun təsdiqindən asılıdır.

Reuters”in digər materialına əsasən, Tramp İranla razılaşma barədə son qərarı vermək üçün Ağ Evin Situasiya Otağında müşavirə keçirəcəyini açıqlayıb. ABŞ prezidenti mümkün sazişin İranın nüvə silahı hazırlamaması, Hörmüz boğazının açılması, dəniz minalarının təmizlənməsi, ABŞ blokadasının qaldırılması və İranın yüksək zənginləşdirilmiş uranının çıxarılıb məhv edilməsi kimi şərtləri ehtiva etməli olduğunu bildirib.

Tehran isə uran məsələsi ilə bağlı Vaşinqtonun açıqlamalarını qəbul etmir. “Reuters”ə istinadən “Iran International” yazır ki, İrandakı yüksək rütbəli mənbə Tehranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməyə razılaşmadığını bildirib. Həmin mənbənin sözlərinə görə, nüvə dosyesi hazırda müzakirə olunan ilkin çərçivə razılaşmasının tərkib hissəsi deyil və ayrıca mərhələdə müzakirə olunmalıdır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai də oxşar mövqe səsləndirib. “Reuters”in məlumatına görə, Baqai ABŞ-la mümkün anlaşma memorandumu üzrə bir çox mövzuda nəticəyə gəlindiyini, lakin bunun razılaşmanın imzalanmasına yaxın olduqları anlamına gəlmədiyini bildirib. O əlavə edib ki, Tehran hazırda müharibənin dayandırılması üzrə danışıqlar aparır və nüvə məsələlərini müzakirə etmir.

Vaşinqton isə ilkin çərçivədə nüvə məsələsinin tam kənarda qalmadığını bildirir. “Reuters”in məlumatına görə, ABŞ rəsmiləri İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarının məhv edilməsi və ya zərərsizləşdirilməsinin gələcək razılaşmanın əsas müzakirə mövzularından biri olacağını vurğulayır. ABŞ tərəfi hesab edir ki, əvvəlcə Hörmüz boğazının açılması və blokadanın qaldırılması kimi təcili addımlar atıla, nüvə məsələsinin texniki detalları isə sonrakı mərhələdə razılaşdırıla bilər.

Beləliklə, tərəflər arasında münaqişəni yumşaltmağa yönəlmiş siyasi çərçivə üzrə müəyyən yaxınlaşma müşahidə olunsa da, saziş hələ imzalanmayıb. Əsas fikir ayrılığı İranın yüksək zənginləşdirilmiş uran ehtiyatları, sanksiyaların qaldırılması, dondurulmuş vəsaitlər və Hörmüz boğazında təhlükəsizlik mexanizmləri ətrafında qalır.