NHL-in tanınmış sabiq hücumçusu, dördqat Stenli Kuboku qalibi Klod Lemye 60 yaşında vəfat edib.
“NHL Alumni Association” Lemyenin ölümünü təsdiqləyərək onun ailəsinə və yaxınlarına başsağlığı verib. Qurum açıqlamada sabiq hokkeyçinin həyat yoldaşı və dörd övladı tərəfindən sevilən ailə üzvü olduğunu qeyd edib və bu çətin dövrdə ailənin şəxsi həyatına hörmət göstərilməsini xahiş edib.
“TMZ Sports”un məlumatına görə, Lemyenin ölümünün intihar olduğu bildirilir. Bununla belə, “NHL Alumni Association” ilkin açıqlamasında ölüm səbəbini göstərməyib. “People” yazır ki, “Palm Beach County” Şerif Ofisi Florida ştatında intihar cəhdi ilə bağlı çağırışa cavab verdiyini bildirib, obyektin isə Lemye və həyat yoldaşına məxsus olduğu qeyd olunub.
Klod Lemye NHL karyerası ərzində “Monreal Kanadiens”, “Nyu-Cersi Devils”, “Kolorado Evelanş”, “Finiks Koyots”, “Dallas Stars” və “San-Xose Şarks” klublarında çıxış edib. O, Stenli Kubokunu 1986-cı ildə “Monreal”, 1995 və 2000-ci illərdə “Nyu-Cersi Devils”, 1996-cı ildə isə “Kolorado Evelanş”la qazanıb.
“Sportsnet” qeyd edir ki, Lemye 1995-ci ildə “Nyu-Cersi Devils”in heyətində pley-offun ən dəyərli oyunçusuna verilən “Conn Smythe Trophy” mükafatına layiq görülüb. O, xüsusilə həlledici oyunlarda effektivliyi və sərt mübarizə tərzi ilə NHL tarixinin ən diqqətçəkən pley-off oyunçularından biri kimi tanınıb.
Sabiq hokkeyçinin son ictimai çıxışlarından biri bu həftənin əvvəlində Monrealda baş tutub. “Monreal Kanadiens”in rəsmi görüntülərinə əsasən, Lemye “Bell Centre” arenasında “Karolina Harrikeyns”lə oyun öncəsi mərasimdə məşəli arenaya gətirərək azarkeşləri salamlayıb.
NHL komissarı Qari Bettmen də Lemye-nin vəfatı ilə bağlı başsağlığı verib. O, sabiq hücumçunu böyük oyunlarda fərqlənən, Stenli Kuboku uğrunda mübarizələrdə xüsusi iz qoymuş hokkeyçi kimi xarakterizə edib.
Qeyd edək ki, Klod Lemye 21 mövsümlük NHL karyerası ərzində 1215 müntəzəm mövsüm oyununda iştirak edib. O, həmçinin pley-offlarda yüksək məhsuldarlığı ilə yadda qalıb və karyerasını hokkey tarixində ən uğurlu kubok oyunçularından biri kimi başa vurub.