Braziliya millisinin ulduzu Neymar 2026-cı il dünya çempionatı ərəfəsində zədə problemi ilə üzləşib. Hücumçunun sağ baldır nahiyəsində II dərəcəli əzələ zədəsi aşkarlandığı və bu səbəbdən yığmanın qarşıdakı yoxlama oyunlarında iştirak etməyəcəyi bildirilir.
“CNN Brasil” yazır ki, Braziliya millisinin həkimi Rodriqo Lasmar Neymarın zədəsinin əvvəl ehtimal ediləndən daha ciddi olduğunu təsdiqləyib. Futbolçu Teresopolisdə yerləşən Qranja Komari bazasına gəldikdən sonra əlavə tibbi müayinələrdən keçib və maqnit-rezonans tomoqrafiyası onun baldır əzələsində zədə olduğunu göstərib.
Məlumata görə, Neymar bu səbəbdən Braziliyanın Panama və Misirə qarşı keçirəcəyi yoldaşlıq görüşlərini, həmçinin DÇ-2026 çərçivəsində Mərakeşə qarşı keçiriləcək ilk qrup matçını buraxacaq. “Cadena SER” futbolçunun təxminən 2-3 həftə yaşıl meydanlardan uzaq qala biləcəyini yazır. Bununla belə, onun Braziliya millisinin düşərgəsini tərk etməyəcəyi və tibbi heyətin nəzarəti altında intensiv müalicəsini davam etdirəcəyi qeyd olunur.
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti daha əvvəl Neymarın heyətdə qalmasının yalnız onun fiziki hazırlığından və formasından asılı olacağını bildirmişdi. Bu səbəbdən hücumçunun bərpa prosesi həm məşqçilər korpusu, həm də azarkeşlər tərəfindən diqqətlə izlənilir.