Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib. Müəssisənin fəaliyyəti barədə dövlət başçısına “GP Safety” MMC-nin təsisçisi Hikmət Əsədov məlumat verib.
Məlumata görə, müəssisədə müxtəlif təyinatlı 4 növdə iş əlcəyi istehsal ediləcək. İllik istehsal gücü 25 milyon cüt əlcək olan müəssisənin məhsulları ilkin mərhələdə daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək. Gələcəkdə isə məhsulların Avropa bazarına ixracı planlaşdırılır.
Müəssisədə 35 nəfər işlə təmin olunacaq. Layihənin ümumi investisiya həcmi 3,5 milyon manat təşkil edir. Müəssisənin yaradılmasına dövlət dəstəyi də göstərilib: İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən layihəyə 1 milyon manat güzəştli kredit ayrılıb. Bundan başqa, investisiya təşviqi sənədi əsasında idxal olunan texnika və avadanlıqlar üzrə 238 min manat ƏDV-dən azadolma tətbiq edilib.
Xankəndidə bu cür istehsal müəssisəsinin yaradılması şəhərdə yüngül sənaye sahəsinin inkişafı və iqtisadi aktivliyin bərpası baxımından mühüm addım kimi qiymətləndirilir. Yeni sənaye infrastrukturu həm yerli əhalinin məşğulluğuna, həm daxili bazarın tələbatının ödənilməsinə, həm də gələcəkdə ixracyönümlü istehsalın genişləndirilməsinə xidmət edəcək.
Layihə Qarabağda aparılan bərpa-quruculuq işləri çərçivəsində iqtisadi potensialın yenidən formalaşdırılması, istehsal sahələrinin yaradılması və azad edilmiş ərazilərin dayanıqlı inkişaf modelinə inteqrasiyası baxımından diqqət çəkir.











