Hörmüz boğazı ətrafında ABŞ və İran arasında gərginlik yenidən artıb. ABŞ ordusu İranın Bəndər-Abbas şəhərində yerləşən və Vaşinqtonun versiyasına görə, Amerika qüvvələri və kommersiya gəmiçiliyi üçün təhlükə yaradan hərbi obyektə yeni zərbə endirib. ABŞ rəsmisi bildirib ki, əməliyyat zamanı dörd İran zərbə PUA-sı vurulub, beşinci PUA-nın buraxılışına hazırlaşan yerüstü idarəetmə stansiyası isə hədəfə alınıb.
Məlumatı “İnternazionale” bəşrinə istinadən təqdim edirik.
ABŞ tərəfi zərbəni “ölçülü, sırf müdafiə xarakterli və atəşkəsi qorumağa yönəlmiş” addım kimi təqdim edib. Hadisə ABŞ prezidenti Donald Trampın İran dövlət televiziyasının Hörmüz boğazında gəmiçiliyin bərpası üzrə mümkün razılaşma barədə məlumatını rədd etməsindən bir neçə saat sonra baş verib.
İran tərəfi isə hadisəyə fərqli izah verir. “Tasnim” agentliyi hərbi mənbəyə istinadən bildirib ki, SEPAH Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçməyə çalışan ABŞ-a məxsus neft tankerinə xəbərdarlıq atəşi açıb və gəmi geri dönməyə məcbur olub. Həmin mənbənin iddiasına görə, ABŞ bundan sonra Bəndər-Abbas ətrafında boş əraziyə zərbə endirib, ölən və yaralanan olmayıb, maddi ziyan qeydə alınmayıb.
Daha sonra İran mediası hərbi rəsmiyə istinadən boğazdan icazəsiz keçməyə çalışan bir deyil, dörd gəminin olduğunu yazıb. Bildirilir ki, İran qüvvələrinin xəbərdarlıq atəşindən sonra həmin gəmilərin hamısı kursunu dəyişərək geri dönüb. Bu məlumat hələlik ABŞ tərəfindən təsdiqlənməyib və müstəqil mənbələr hadisənin detallarını ayrıca doğrulaya bilməyib.