Paşinyan seçkilərdən sonra yeni konstitusiya təşəbbüsü irəli sürəcək

Nikol Paşinyan bildirib ki, iyun parlament seçkilərindən sonra siyasi çoxluq formalaşdıracağı təqdirdə Ermənistan üçün yeni konstitusiyanın qəbul edilməsi təşəbbüsünü irəli sürəcək.

Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-də keçiriləcək parlament seçkilərindən sonra yeni konstitusiyanın qəbul edilməsi təşəbbüsünü irəli sürəcəyini bildirib. O, “Armenia TV”-yə müsahibəsində hakim “Vətəndaş müqaviləsi” partiyasının parlamentdə siyasi çoxluq formalaşdıracağı təqdirdə bu prosesə start veriləcəyini deyib. 

Paşinyan bildirib ki, Ermənistan konstitusiyası ilə bağlı məsələ Bakı və ya digər tərəfdaşlarla müzakirə olunmayıb. Onun sözlərinə görə, bu, Ermənistanın “tamamilə daxili gündəliyidir” və hakim partiyanın seçki proqramında yeni konstitusiyanın qəbuluna dair müddəa yer alır.

Yeni konstitusiya mövzusu Ermənistan-Azərbaycan sülh prosesi fonunda xüsusi siyasi əhəmiyyət daşıyır. Azərbaycan tərəfi uzun müddətdir bildirir ki, Ermənistanın hazırkı konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilən müddəalar aradan qaldırılmadan yekun sülh sazişinin imzalanması mümkün deyil.

Ermənistan hakimiyyəti isə konstitusiya islahatlarını xarici təzyiqin nəticəsi kimi təqdim etmir. Daha əvvəl hakim “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Hovhannisyan da yeni konstitusiya gündəminin Azərbaycanla bağlı olmadığını, bunun “tamamilə Ermənistanın daxili məsələsi olduğunu vurğulamışdı.