“Latsio” Sarri ilə yollarını ayırdı

“Latsio” Mauritsio Sarri ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib. İtaliya mediasına görə, komandanın yeni baş məşqçisi Cennaro Qattuzo olacaq, Sarri isə “Atalanta”ya keçməyə hazırlaşır.

İtaliyanın “Latsio” klubu baş məşqçi Mauritsio Sarri ilə yollarını ayırdığını rəsmən açıqlayıb. Klubun yaydığı məlumatda Sarri və onun məşqçi heyəti ilə əmək müqaviləsinin qarşılıqlı razılıq əsasında ləğv edildiyi bildirilib. “Latsio” italiyalı mütəxəssisə və onun komandasına gələcək fəaliyyətində uğurlar arzulayıb. 

67 yaşlı Sarri “Latsio”dakı ikinci dönəmini cəmi bir mövsümdən sonra başa vurub. Komanda mövsümü “A” Seriyasında  9-cu pillədə tamamlayıb və İtaliya Kubokunun finalında “İnter”ə uduzub. Bu nəticələrdən sonra klubda məşqçi dəyişikliyi gündəmə gəlib.

İtaliya mediası Sarri üçün növbəti dayanacağın “Atalanta” olacağını yazır. “La Gazzetta dello Sport”un məlumatına görə, Sarri ilə “Latsio” arasında ayrılıq razılaşması onun Berqamo klubuna keçidinə yol açır. Nəşr həmçinin onun məşqçi heyətinin də “Atalanta”ya qoşula biləcəyini bildirir.

“Latsio”da Sarrinin yerinə isə Cennaro Qattuzonun gələcəyi gözlənilir. İtaliya millisinin sabiq baş məşqçisi yaxın zamanda paytaxt klubunun yeni çalışdırıcısı ola bilər. Tərəflər arasında 2028-ci ilə qədər nəzərdə tutulan ikiillik müqavilə üzrə ilkin razılaşmanın olduğunu bildirir.

Sarri daha əvvəl 2021–2024-cü illərdə də “Latsio”nu çalışdırmış və 2022/2023 mövsümündə komandanı “A” Seriyasında ikinci yerə çıxarmışdı. Lakin onun ikinci qayıdışı uğurlu alınmayıb və mövsüm klub daxilində gərginlik, zəif nəticələr və Avropa kuboklarından kənarda qalma riski ilə yadda qalıb.